MARKETİNQ STRATEGİYASI NƏDİR?

0
331

Marketinq strategiyası – şirkətlərdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün fərqli marketinq tədbirlərinin həyata keçirilməsi və onların reallaşdırılmasına nəzarət edilməsi sistemidir.

Məqsədli bazarların seçilməsi, məhsul və ya xidmət satışlarının artmasına yönəlmiş marketinq tədbirlərdir. Mahiyyəti və önəmi müəssisədə məhsul istehsalının təkmilləşdirilməsi və məhsulların daha gəlirli bazarlara çıxarılmasıdır.

Marketinq strategiyası – Təkçə məqsədli bazarların seçilməsi və ya marketinq tədbirlərinin hazırlanması deyil, eyni zamanda da şirkətin gələcəkdə bu strategiyadan necə yararlanacağı və hansı yollarla, hansı şəkildə realizə ediləcəyini də bilməkdir. Mütləq şəkildə istehlakçıların cari və gələcək ödəmə qabiliyyətləri, müəssisənin istehsal imkanlarını da uzunmüddətli dövrlər üçün nəzərə almaq olduqca vacib şərtlərdəndir. Müəssisənin bazarlarda fəaliyyət konsepsiyasının hazırlanması, fasiləsiz təkmilləşdirilməsi, xarici mühit, bazarlardakı  dəyişikliklərə vaxtında və düzgün reaksiya verə bilməsi vacibdir.

Marketinq strategiyası – Hansı məhsul? Hansı miqdarda? Hansı qiymətə? Harda və necə satılmalıdır? suallarına cavab verməlidir. Bütün  suallara düzgün və vaxtında cavab vermək üçün strategiyanın hazırlanması ardıcıllığını izləmək əhəmiyyətlidir.

MARKETİNQ STRATEGİYASI NECƏ HAZIRLANIR?

Praktikada  konkret vəziyyət və müəyyən əmtəə çeşidindən asılı olaraq çoxsaylı metodların mövcud olmasına baxmayaraq, təəssüflə demək olar ki, ölkə müəssisələrində kor təbii tətbiq edilməsi müşahidə olunur. Çağdaş şəraitdə çox az sayda yerli müəssisələr vardır ki, marketinq strategiyası hazırlanan zaman bütün diqqət bazardakı mövcud vəziyyətə, yəni təlabatın səviyyəsinə əsaslanır. İstənilən marketinq strategiyası  müəyyən dövrlərdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün həyata keçirilən tədbirlər toplusudur. Strategiya hazırlanan zaman  təkçə bazardakı mövcud vəziyyət deyil həmçinin müəssisənin daxili (maliyyə, istehsal, xammal, mütəxəsislər) potensialı da nəzərə alınmalıdır. Qarşıya qoyulan məqsədlərə çatmaq nə dərəcədə realdır? Sahibkarlar ilkin olaraq bunları nəzərə almalıdır. Əks halda müəssisənin yanlış istiqamətdə mövqelənməsi qaçılmaz olacaqdır.

Marketinq startegiyasının hazırlanmasında ilkin mərhələ müəssisənin daxili və xarici mühitinin təhlili olmalıdır. Yəni ki, SWOT analiz aparılmalıdır. Daxili mühitin təhlili müəssisənin bütün bölmələri, o cümlədən istehsalı varsa, istehsal imkanları da ciddi təhlil edilməlidir. Xarici mühitin təhlilində isə  istehlakçıların tələbi, zövqləri, ölkədə mövcud qanunvericilik, rəqiblər haqqında məlumatlar əks olunmalıdır. Müəssisənin daxili və xarici mühitlərinin təhlilindən sonra növbəti mərhələ istehlakçıların qruplaşdırılması, seqmentasiyaları aparılmalıdır.

Seqmentasiya – İstehlakçıların istək və arzuları müxtəlif olduğundan bu istəkləri bir tipli məhsullarla ödəmək mümkün olmadığı üçün bazarı bir məhsulla tutmağa çalışmaq sadəcə mümkünsüzdür. Bu cür, yəni mono distribusiya şəkilində fəaliyyət göstərənlərə isə aqibətlərinin yaxşı olması üçün dua etməkdən başqa çarəm qalmır. Məhz elə buna görə də marketinq strategiyası hazırlanan zaman istehlakçıların oxşar xassələrinə görə fərqləndirilməsi son dərəcə əhəmiyyətlidir.  İstehlakçıların seqmentasiyası aparıldıqdan sonra müəssisənin imkanları çərçivəsində olan kütlələr müəyyən edilərək bu seqment üçün marketinq kompleksi hazırlanır. Bilirəm ki, bu məqaləni oxuyanlardan bəziləri irad tutacaqlar ki, marketinq kompleks zamanı gəlib də, keçibdə. Zaman 4C zamanıdır. Ancaq ortada aydın olan bir məsələ vardır ki, ölkəmizdə 4P üzrə hərəkət etməyən və kompleks üzrə özünə yol cızmayan şirkətlər saysız – hesabsızdır.Bu isə o anlama gəlir ki, 4P-nin sistemli tətbiqi olmadan, 4C-yə keçmək mənə görə sadəcə olaraq mənasını itirir. Yəni bütün “P”-in və bütün 4C modelinin kökündə məhz marketinq kompleksi durur. 4P olmasa idi, günümüzdə nə “P” sayı artardı, nə də ki, 4C ortaya çıxardı. Hesab edirəm ki, 4P-ni bizlər müəssisələrdə daha çox aktuallaşdıraraq işlək hala gətirdikdən sonra, 4C-nin əhəmiyyətindən danışaraq bir-birimizə iradlar tuta bilərik. Marketinq kompleksi özündə məhsul (Product), qiymət (Prise), satış kanalları (Place), məhsul və ya xidmətlərin istehlakçılar tərəfindən əldə edilməsini həvəsləndirmək  üçün həyata keçirilən tədbirləri (Promotion) özündə əks etdirməlidir.

BƏS MARKETİNQ STRATEGİYSI ŞİRKƏTLƏRƏ NƏ VERİR?

Rəqiblərin çoxaldığı bazarlarda rəqabət  qabiliyyətlərinin qorunması zamanla çətinləşir. Çağdaş bazarda müəssisələr yalnız daxili rəqiblərlə deyil, eyni vaxtda da dünyanın aparıcı şirkətləri və onların bazara təklif etdikləri güclü ticarət markaları ilə də mübarizə aparırlar. Cari bazar payının qorunub saxlanılması, məhsul və ya markaları inkişaf etdirmək üçün məqsədyönlü marketinq strategiyasının hazırlanması və tətbiqinə nəzarət olunması istənilən müəssisə üçün həyati əhəmiyyət kəsb edir. İstehlakçıların təlabatlarının öyrənilməsi və bütün proseslərin də bu tələblərin ödənilməsinə yönəldərək, üzunmüddətli rəqabətqabiliyyətli məhsul istehsalının ən vacib şərtlərindəndir.

YEKUN. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əksəriyyətində marketinq strateqiyasının hazırlanmasına və müəssisələrdə tətbiq edilməsinə təsir edən amillər var. Bunlara əsasən ölkədə marketinq üzrə ixtisaslaşmış kadrların fəaliyyətlərinin, marketinq termininin özünün mahiyətinin hələdə tam başa düşülməməsi, müəssisələrdə istehlakçıların konkret təlabatlarını araşdırmaq üçün kifayət qədər ciddiyə almamaları və s. Ancaq bütün bunlara baxmayaraq marketinq yerli müəssisələr üçün mühim rəqabət üstünlükləri üçün fürsətlər verə bilər. Bir sözlə marketinq strategiyası istənilən müəssisənin inkişafının əsas təminatıdır. Ancaq belə olan halda böhranlı bazar dönəmlərində müəssisələrin sağ qalmaq şansları artır.

(1. 093 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here