Manat cırcırama, dollar isə qarınca

0
595

Mənə görə devalvasiyanın tuğyan elədiyi dövrdə, ölkəmizdə ixracata dair danışılanları nəzərdən keçirtməkdə və dəyərləndirməkdə fayda var.

Sual yarana bilər ki, devalvasiyadan nə fayda? Əslində devalvasiya ölkə iqtisadiyyatı üçün faydalıdır. Bir qədər tənqiddən sonra keçəcəm devalvasiyanın faydalı tərəflərinə.

Azərbaycan kimi kiçik iqtisadiyyatı olan kiçik bir ölkənin milli valyutasının bahalı olmasının əslində ölkə iqtisadiyyatının inkişafına mənfi təsirləri oldu və bu təsirləri ilk dəfə olaraq 2015-ci ilin Fevral ayında manatımızın dollara nisbətdə təxminən 34%, ilin sonunda, Dekabrın 21-də manatın ikinci dəfə 50%-ə qədər ucuzlaşması ilə ölkə və vətəndaşlar sarsıldı.

Vaxt var idi ki, neftin 1 bareli 110-120 ABŞ dollarına satılırdı və ölkə demək olar ki, dollar içərisində “üzürdü”. Məsələ hətta o yerə çatmışdır ki, Azərbaycan vətəndaşları dolları pul hesab etmirdilər. Ancaq sən saydığını say, gör dollar nə sayır?

İndi isə nə məsələdirsə həmin valyutanı heçə sayan əhali ancaq dollar almaqla məşğuldur. Allah sonunu xeyirli etsin.

circirama karinca

Yəqin ki, ibtidai sinifdən İvan Andreyeviç Krılovun “CIRCIRAMA VƏ QARINCA” əsərini xatırlayırsınız. Azərbaycan dilinə tərcümə edən sevimli ədibimiz Abdulla Şaiqdir.

Mənə görə bu əsər tamamilə bizim manatı özündə əks etdirir. Oxuyaq görək elədirmi? Həm də az da olsa uşaqlığımıza səyahət edək.

Cırcırama yay, bahar,
Cırıldadı biqərar.
Hər çiçəyin yarpağı
Olmuş idi oynağı.
Eyşə alışmış idi,
Başı qarışmış idi.
Tutdu xəbər bir zaman,
Qış yetişib, ay aman!
Yayı keçirmiş hədər,
Yox daha güldən əsər.
Qaldı о biçarə ac,
Tapmadı başqa əlac.
Bilirdi ki, Qarınca
Dən yığır yay boyunca.
Getdi onun yanına,
Dərdini açdı ona:
– Qonşucuğaz, yazadək
Bəslə məni, ver yemək.
Sordu Qarınca: – Sənin
Yayda nə idi işin?
Güllər arasında mən
Eyləmiş idim vətən.
Belə idin yayda sən?
Nəğmə oxurdum da mən.
Yayda oxurdun, demək,
İndi get, oyna, görək!

Hə, necədi? Manatımızla uyğunluğu var? Məncə də var. Manatın bizə güclü kimi göründüyü vaxtları xatırlayaq, xalqımıza hər fəsil yay kimi gəlirdi. Təbii ki, bunun da fonunda xalqımız “cırcırama” kimi tənbəlləşdi ki, ilk devalavasiyanın baş verməsi ilə qışın sərt üzünü çox pis hiss etdik. Necə deyərlər, xalqın və manatın başı eyşə alışmış idi, başı qarışmış idi.”

Əslində devalavasiyanın baş verməsi ilə bütün maskalar düşdü və manat layiqli qiymətini aldı. İxracat istiqamətində son dərəcə zəif olduğumuz aşkara çıxdı.

Sual – bu qədər istehsal müəssiələri olduğu halda, məhsulların ixracına təsir edən amil nə idi? Bilirəm, əksəriyyətiniz mövcud problemləri sadalamağa başlayacaqsınız ki: – Əşşi, imkan verirlər ki, sahibkarlıq inkişaf etsin!? Baxın, burda durun demək məcburiyyətindəyəm.

Problemlərimizin olmasını mən də inkar etmirəm. Ancaq ixracata bir mənalı olaraq problem törədən amillərin başında məzənnəsi dollardan yüksək olan və bir vaxtların “vor zakonu” olan manatımız dururdu.

Bahalı valyuta məhsulları ucuz qiymətə idxal etmək istəyən ölkələrə ixracına ciddi problem törədir. Xüsusən də Azərbaycanın 2007-ci ildən 2015-ci ilin ikinci ayına qədər şişirdilmiş valyutaya sahib olması ilə öz ixracat potensialını demək olar ki, real olaraq ortaya qoya bilmədi.

Ölkəyə daxil olan külli miqdarda dollar vəsaitləri, ixracat istiqamətində strateji addımlar atılmadı, bir durğunluq yarandı və günümüzdə də bunun fəsadlarını hər birimiz görürük, hiss edirik.

Bəs bu necə ola bilər axı? Əvvəla, ölkəmizdən Avropaya ixrac edilən qida məhsulları varsa belə, çox az həcmdədir və istehsal olunan məhsulların Avropa ölkələrinin əksəriyyətinin qida təhlükəsizliyi standartlarına da cavab verməməsi köhnə qitəyə ixracatı ləngidirdi. Bu problemi də özümüz yaratdıq, sabit dövrlərdə ixracat standartları hazırlanmalı idi və bundan sonra biz daha güclü və daha gəlirli bazarlara da iddialı ola bilərdik. Belə olduğu üçün ölkəmiz istiqamətini üçüncü dövlətlərə çevirmək məcburiyyətində qaldı.

Qeyd etdiyim kimi manatımızın yüksək məzənnədə olması bizim məhsullara olan tələbi də azaldırdı. Belə ki, istehsalçı firmalar məhsulu manatla hesablayır, daha sonra isə həmin məbləğlər dollara konvertasiya edilərək qiymət cədvəli partnyor şirkətlərə kommersiya təklifi kimi yollanırdı. Bu isə qarşı tərəfi məmnun edə bilməzdi. Bunun da nəticəsində bir çox müqavilələr nəticəsiz qalırdı ki, bu da öz təsirini yerli isteshal sahələrinə göstərirdi.

Bəs manatın ucuzlaşması necə ola bilər ki, ixracatın artımına və yerli istehsalın inkişafına təsir göstərə bilər?

Bu barədə növbəti bloq yazımda.

(348 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here