Bəli, manatın ucuzlaşması bir çoxları kimi məni də sarsıtdı. Ancaq nə edə bilərik, olacağa çarə yoxdur.

Mən hər zaman demişəm ki, manat üzən məzənnəyə hələ 2007-ci ildə buraxılmalı idi ki, 8 il sonra öz real dəyərini qazana biləydi. Belə olsa idi zənnimcə manatın devalvasiyası nə xalqı, nə də ki, iqtisadiyyatımızı bir o qədər sarsıtmazdı.

Qonşu Gürcüstan Respublikasının apardığı valyuta siyasəti bunun bizə yaxın olan ən real misalı ola bilər. Ona görə ki, “Lari” ölkədə dövriyyəyə buraxıldığı gündən üzən məzənnə ilə real dəyərini qazana bildi və bu gün “Lari” Cənubi Qafqazda güclənən valyutadır desəm yalan olmaz. Çoxları deyə bilər nə olsun ki, Gürcüstan da bizim kimi idxaldan asılıdır. Xeyr, heç də elə deyil. Gürcüstanda sahibkarlara və sahibkarlığın inkişafına birmənalı olaraq dəstək var. Bundan başqa Gürcüstan ixracatçı ölkə olmasa da, Turizm sektorunda kifayət qədər turist idxalçısı olan və bu istiqamətdə də inkişaf edir. Ən azından yay və qış tətillərini bu ölkədə keçirtməyə meyilli olduğumuzu heç olmasa yada salaq.

Birmənalı olaraq investorların, yerli sahibkarların xeyrinə iqtisadi qərarlar verilərsə, manatımızın devalvasiyası istehsalçı şirkətlərə zərər yox, gəlirli ola bilər.

Necə? 2014-cü ildə ölkəmizin iri qənnadı fabriklərindən birində Marketinq şöbəsinin müdiri işlədiyim ərəfələrdə, məhsul ixracı üçün bir çox kommersiya təklifləri hazırlayıb maraqlı olduğumuz bazarlarda fəaliyyət göstərən şirkətlərə yollayırdıq. Əsasən Özbəkistan, Türkmənistan, Qırğızıstan, Moskva bazarı xaric, Rusiya Federasiyasının ucqar vilayətləri. Qiymətlər rəqəm olaraq siyahıya görə ucuz görünürdü. Ancaq sonradan manatımızı əvvəlcə dolların, sonrada öz milli pullarının məzənnəsi ilə hesablayanlar təkliflərimizdən şok vəziyyətində ya imtina  edirdilər, ya da şok vəziyyətində  az bir miqdarda sifariş verirdilər ki, bəlkə içindən qızıl çıxdı. Belə olduğu təqdirdə isə nə aylıq tonajlarda artım olurdu, nə stabil sifariş ala bilirdik, nədə ki, partnyor şirkətlərə marketinq dəstəyi verə bilirdik. Bu problemlərin törəməsinə səbəb olan xətakarımız “Manat” idi. O vaxt mənimlə çalışan və hər zaman dəstək olan, şirkətimizin Brend meneceri Məcid Mustafayevlə, həmin ilin May ayında Tiflisə səfər etdik. Orda qida sektorunda fəaliyyət göstərən dostlarımızla birlikdə bir çox imkanlardan istifadə edərək bir həftəyə yaxın bazarı araşdırdıq. Bir həftəlik araşdırmamız ölkəmizdə istehsal edilən məhsullara və xüsusilə də qənnadı məhsullarına olan tələbi öyrənmək idi.   Gürcüstan bazarında qənnadı məhsullarına və xüsusilə də Azərbaycanda istehsal edilən məhsullara maraq və tələbat olmasına baxmayaraq, həmin dövrdə manatın yüksək məzənnəsi bizə qonşu bazara  daxil olmağa imkan vermədi. Hə, bahalı manat necədi?  Beləliklə də məhsullarımız gürcü partnyorlara hədsiz baha başa gəldiyi üçün imtina edirdilər. Məhz elə buna görə də düşünürəm ki, bu gün ucuzlaşan manatın məzənnəsi qonşu ölkələrdə də aşağı məzənnə ilə hesablanacaq ki, bu da həm ölkəmizə, həm də  yerli məhsullara olan marağı və diqqəti artıracaqdır.

Ucuzlaşan manatla, investorların nə əlaqəsi? Belə ki, investor əlində son dərəcə iri kapitalı olan iş adamı və ya hökumətlər də ola bilər. Necə ki, bu yaxınlarda hökümət tərəfindən neft fondunun vəsaiti hesabına Milanda 350 milyon avroya tarixi bina alındı, bu da sizə hökumət investor. İnvestorlar daima yatırımlar üçün ölkələr axtarırlar. Bəs ölkələr necə axtarılır? Elə Azərbaycanın cari durumu ilə fikirlərimi ifadə etməyə çalışacam.

Kimlər üçünsə təkrar ola bilər, ancaq yazmağımın faydalı olacağına inanıram. Əvvəlcə baxaq görək investor kimdir?

İnvestor – Mənfəət məqsədilə cəlb etdiyi – pul kapitalını, qiymətli kağızlarını, əmlakını, mülkiyyətini və s. investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxslərdir.

investor

İnvestorlar – investisiya qoyuluşlarından mənfəət əldə etməklə yanaşı, bu və ya digər sahələrin də investisiya ehtiyaclarını qarşılayırlar ki, bununla da iqtisadi inkişafa tövhə verən əsas fiqurlardan hesab edilirlər. İnvestisiya qoyuluşunu minimum riskə endirmək və gəlirliliyi təmin etmək, maraqlarına uyğun olan və onların biznes tələblərini qane edən qiymətli kağızlar alırlar. Layihələrin reallaşmasını büdcədən maliyyələşdirən dövlət, dövlətin subyektləri, peşəkar və “ institusional investorlar ” adlanan maliyyə-kredit idarələri də investor rolunda ola bilərlər. İnvestorlar, bir qayda olaraq vergi və digər güzəştlərdən yararlanırlar.

Praktikada əsasən 2 növ investor mövcuddur:

1.İnstitusional investorlar:

Banklar;
Sığorta şirkətləri;
Pensiya fondları;
Hedc fondlar (Hedge fund);
Hökumətlər;
Şirkətlər;

2.Riteyl investorlar:
Fərdi şəxslər;

Mənə görə cari durumda Azərbaycan üçün hər cəbhədə mövcud olan investor hava və su kimi iqtisadi durumumuzun yaxşılaşması üçün lazımdır. Harada qalmışdım? Yatırım üçün ölkə axtaran investorlarda. İnvestor yatırım etməzdən əvvəl, hədəfində olan ölkənin bazarlarını bütün cəhətləri ilə araşdırır, analiz edir. Araşdırma zamanı nələrə fikir verilir? – Regionun təhlükəsizliyi, Siyasi hakimiyyət və onun iş adamlarına verdiyi dəstək, İnhisarçılıq, Kapital təhlükəsizliyi, Bankların fəaliyyəti, Kredit faizləri və s. Misal – İnvestor Azərbaycanda hər hansı bir sahəyə və ya bir neçə sahəyə 100 milyon dollar yatırım etmək istəyir. Buna görə o məcburdur ki, ölkədəki reallıqları analiz etsin və görsün ki, belə bir riskə dəyər, ya yox? Ya risk edərsə, yatırımı neçə il sonra gəlirləri ilə birlikdə geri dönəcəkdir. Unutmayaq ki, investorun sağa-sola pul paylamaq kimi niyəti yoxdur. O qazanmaq və investisiyasını ikiyə qatlamaq istəyir. O, görsəki ölkədə inhisar var və yatırımı da özünün hədəflədiyi kimi 10 ilə yox, 25 ilə dönəcək, o buna getməz. Yaxud iş adamlarımızın qorxulu röyası olan banklarımızı götürək.

İnteqrasiya etmək istədiyimiz Avropada kreditlər 2-3%-ə verildiyi halda, biz də 25-27%-dir. Sanmıram ki, ağlı başında olan investor hazırki vəziyyətdə ölkəmizdə belə bir riskə getsin. Ona görə ki, investor faktiki olaraq qazanmış olduğu pulu bizim banklara ödəməli olacaqdır. Azərbaycan çox təəssüflə yazıram ki, investisiyaların cazibədarlığı baxımından dünyada hələki heç bir investisiya inistitutunun siyahısına düşə bilmir. Məsələ məlumdur. Ancaq sistemli yanaşma olarsa, manatın devalavasiyası ölkəmizi analiz edən investorlar üçün cazib olacaq.

Ölkəyə xammal ucuz qiymətə idxal edilsə, özümüzün xammal istehsalı ilə məşğul olan müəssisələrimiz fəaliyyətə başlaya bilər, ölkədə starteji əhəmiyyət kəsb edən məhsulların istehsalı, yeni müəssisələrin inşası, fəaliyyəti, ucuza başa gələn xammal və hazır məhsulların qonşu ölkələrə və daha sonra isə başqa bazarlara ixracına başlana bilər.

Çin iqtisadiyyatını buna son olaraq misal çəkə bilərəm. “Yuan”ın qiyməti ucuzdur, ölkədə investorlara hər şərait yaradılır, ucuz işçi qüvvəsi, ucuza başa gələn məhsullar və onların kütləvi şəkildə xaricə ixracı baş tutur. Bu gün demək olar ki, bir çox iş adamları Çin bazarında maraqlıdır. Biz Çin ola bilməsək də, Azərbaycanın imkanları daxilində ciddi işlər görmək olar və əminəm ki, sərt və uğurlu iqtisadi addımlar atılsa ölkəmiz bir çox investisorun maraq mərkəzinə düşə bilər.

Beləliklə “Manat cırcırama, Dollar qarınca” məqaləmizdə burda bitirirəm. Göydən üç alma düşdü, biri məqaləni yazana, biri məqaləni oxuyana, biri də bu məqaləni bəyənənə.

Sizin marketinq bələdçiniz..

(126 dəfə baxılıb)