Azərbaycan sığorta bazarında bir çox şirkətlər fəaliyyətdə olsalar da, bunların əksəriyyətinin çox təəssüf ki, müştəri sədaqətini qazanmaq, müştərilərlə əlaqələrin idarə edilməsi (CRM) və ya genişləndirilməsi istiqamətdə olan boşluqlar və nöqsanlar, mənə şəhər ətrafı kənd və qəsəbələrimizdəki dağılmış və bataqlığa çevrilmiş yollarımızı xatırladır.

Əslində bu məqalənin yazılmasına səbəb nə vaxtsa müştərisi olduğum “AzSığorta” şirkətidir. Yəni bu qədər məsuliyyətsizlik və müştəriyə qarşı biganəlik göstərməklə nə demək istədiklərini anlaya bilmədim. 2013-cü ildən bu şirkətin icbari avtomobil sığortası xidmətindən yararlanmışam bir yerə qədər.

Şükür bu illər ərzində qəza filan baş verməyib. Ancaq böyük bir sual işarəsi çıxır – Bəyəm biz ancaq qəza baş verəndə görüşməliyik? Məgər bizi qəza xaricində heç bir dəyərlər bağlamalı deyil? 2 ildə yadıma gəlmir ki, bir dəfə də olsa zəng edib soruşalar – ay müştərim! Necəsiniz? Bayramınız mübarək! Doğum gününüz mübarək! Məncə bunlar çox primitiv misallardır ki, çəkirəm. Belə yerdə deyərlər – Söhbət sosiskadan getmir e, adam gərək vnimatelni olsun.

Həqiqətən də “AzSığorta” şirkətinin müştərilərinə qarşı “vnimatelni” olmaması brend olmağa çalışan bir şirkətə heç də yaxşı gələcək vəd eləmir. Ola bilsin ki, bir avtomobilin icbari sığorta haqqı kimlərə görəsə elə də ciddi bir rəqəm hesab olunmur. Ancaq il ərzində məsuliyyətsiz və fərsiz sığorta menecerlərinin diqqətsizliyi ucbatından şirkət  100 müştəri itirsə məncə bu ilin sonunda ciddi rəqəmə çevrilə bilər. Ən təhlükəlisi isə şirkət ondan incimiş real müştərilərini rəqib sığorta şirkətlərinə yönəltmiş olur və mən də hazırda elə bir seçim etdim. Təbii ki, yaxın ətrafıma da bir daha sözdə sığorta şirkəti adlanan “AzSığorta”nın xidmətlərindən yararlanmamağa (WOM marketing) təşviq edəcəm. Özüm diqqətsizlik və hörmətsizlik gördüm, ona görə də tanıdıqlarıma da hörmətsizlik edilməsini istəmirəm. Məncə “AzSığorta” şirkətinin ciddi marketinq və brendinq problemləri var və bu istiqamətlərdə ciddi tədbirlər görülməzsə, incimiş müştəriləri yenidən qazana bilmək istiqamətində işlər aparılmazsa, gələcək də bazar payı itirmək təhlükəsi qaçılmaz olacaq. Mənim tənqid atəşimə “AzSığorta” gəldi, ola bilsin ki, sizlərin narazı qaldığınız başqa sığorta şirkətləri var. Belə olan halda  bir sual, sizcə sığortaçılar  özləri  sığortalanıblar?

*Bloqpost sırf marketinq yönümlü tənqidlərdən ibarətdir.

Sizin marketinq bələdçiniz…

(164 dəfə baxılıb)