İlk olaraq, 1-ci yazıma maraq göstərən hər kəsə təşəkkür edirəm, məqaləyə müxtəlif şərhlər yazıldı, hətta cavab olaraq bloq yazanda oldu.

Şərhlər əslində təxmin etdiyim kimi alındı. O dövrdə biznesin inkişafı demək olar ki, çətin idi. Günümüzdə marketinq modellərini öyrənə bilmək, satışları artırmaq üçün işlərimizi asanlaşdıran treninqlər, peşəkar biznes məsləhətçilər olduğu kimi, o dövrdə yox idi.

Bu arada marketinq fənn kimi ilk dəfə 1901-ci ildə ABŞ-da tədris olunmağa başlamışdır. Yəni tam olaraq 21 il sonra. Suala günümüzün tələbləri üzərindən cavab yazılması da onu göstərdi ki, dostlarımız 19 əsr biznes mühitini araşdırmadan bir qədər tələsik cavab yazmışdılar.

Yəqin ki, fikirlərimə görə məndən inciməzlər. 2-ci yazımda çalışacam ki, faydalı fikirləri paylaşım. Buna görə o vaxtki biznes mühitini qısa da olsa araşdırmaq qərarına gəldim və ortaya çox maraqlı nəticələr və faktlar çıxdı.

Deməli, 1880-ci ildə günümüzdə mövcud olan marketinq alətləri, satış treninqləri olmadan da biznesi inkişaf etdirmək mümkün olub. Hətta dövrümüzdə də o vaxtlardan miras qalan və bizneslərin ayrılmaz parçası olan bəzi ixtiralar vardır. Bu barədə az sonra. Araşdırmamın sizə faydalı olacağına inanıram.

Keçək araşdırmaya – 1880-ci ildə Ohayo ştatının, Deyton şəhərində yaşayan Con Patterson adlı şəxs “kassa apparatları”nın ixtiraçılarından, hələ 1879-cu ildə ixtira patentini “№221360 – Cash Register and Indicator” almış Ceyms Ritti (James Ritty)-dən bu apparatların kütləvi istehsalı üçün icazə patentini alır (real marketing time) və elə həmin ildə də “The National Cash Register Company” (NCR) şirkətini qurur. Yuxarı da gördüyünüz şəkil həmin kassa apparatına aiddir. Günümüzdə bir çox supermarketlərdə, ticarət mərkəzlərində günlük alış-veriş hesabatlarının düzgün aparılması üçün geniş istifadə olunan “kassa” aparatlarının əcdadıdır, desəm yalan olmaz. Con Patterson istehsal patenti ilə və qurduğu şirkətlə nəyinki uğur qazanmış, eyni zamanda da dövrünün ən uğurlu iş adamlarının da diqqətini çəkə bilmişdi. Diqqətini cəlb edə bidiyi ən böyük iş adamlarından biri Tomas Uotson idi. Bu şəxs, “İnternational Business Machines” şirkətinin qurucusudur. Bir çoxlarımızın da (IBM) kimi tanıdğı brend barəsində uzun uzadı yazmağa ehtiyac yoxdur. Çarlz Ketterinq, “Dayton Engenieering Laboratories Company” (DELCO) şirkətinin qurucusu və tarixdə ilk dəfə olaraq elektrik cərəyanı vasitəsi ilə mühərrikin işə salınmasını ixtira edən və bu ixtirasını da “General Motors” şirkətinə sataraq şəxsi biznesinin inkişafına təkan verdi. Belə şəxslərə görə Deyton şəhəri gələcək biznes imperiyaları üçün ixtiraların beşiyinə çevrildi.

Məqaləmə yazılan şərhlərə cavab olaraq bildirmək istərdim ki, 1880 -ci və sonrakı illərdə şirkətlərin güclənməsinə, bizneslərin inkişafına səbəb olan  tək amil “İXTİRALAR” olmuşdur. Məhz ixtiraların nəticəsində şirkətlər arasında biznes əlaqələri qurulmuş, şirkətlər və ya fərdlər həmin ixtiraları bir – birilərinə sataraq, istehsal etdikləri əmtəələrə tələb yaradaraq bizneslərini inkişaf etdirə bilmişdilər.

Beləliklə də siz marketinq modellərinin olmadığı dövrlərdə və biznesin inkişafına səbəb olan başlıca amilin nələr olduğunu oxudunuz. Hərdən sual verilir ki, yazdığınız məqalələrin faydalılığını necə dəyərləndirirsiniz? Cavab – Məqalələrim də ip ucları çoxdur. Yetərki diqqətlə və səbrlə oxuyub nəticə çıxardasınız.

O halda faydalı bir şeylər öyrəndiyinizin özünüz şahidi olacaqsınız.

Sizin marketinq bələdçiniz…

(107 dəfə baxılıb)