Məni tanıyanlar bilirlər ki, marketer kimi fəaliyyətimin əksər hissəsi məhz qida sektorunun, xüsusilə də şirniyyat məhsullarının istehsalı ilə bağlıdır.

Bu dəfə də sizlərə gördüyüm işlərdən biri haqqında qısa da olsa məlumat vermək istəyirəm. 2010-cu ildə Bəhrə Biskvit Fabrikində marketinq menecer kimi çalışırdım.

Elə o ərəfələrdə, gözəl və çox dadlı bir layihənin icraatı mənə həvalə olundu. O vaxt mebel sektorundan qida sektoruna 1 il idi keçmişdim. Yəni belə bir layihəyə əl qoymaq mənim üçün riskli addım idi, ancaq risk etdim və nəticələr də pis olmadı. Mənə birmənalı olaraq tapşırıldı ki, ad əcnəbi olmamalı idi. Markanın adının Azərbaycan dilində olması tələb olunurdu. Beləliklə də “AzUn” ticarət markası yarandı. “AzUn” bir şifrədir, açıqlaması isə “Azərbaycan Un məmulatları” deməkdir. Təəssüf ki, ilk loqotipi tapa bilmədim, yoxsa təqdim edərdim. Ona görə ki, ilk loqotipdə “AzUn” markası tam olaraq izah olunmuşdu. Beləki ilk loqoda əlavə olaraq buğda da təsvir olunmuşdu.

Bəs “AzUn” ticarət markası nəyi təmsil edir? Missiyası nə idi? Missiyası zamanla unudulan tarixi şirniyyatlarımızı müştərilərimizə yenidən tanıtdırmaq və öz tarixi məhsullarımıza qarşı maraq və həvəs oyatmaq idi. Tarixi şirniyyat məhsullarımız – paxlava, şəkərbura, badambura, külçə (şirin çörək, südlü çörək), qatlama, Şamaxı mütəkkəsi, İrəvan kətəsi, Qarabağ kətəsi, qozlu qoğal, qozlu Ordubad dürməyi, düyü qutabı və s. bu şirniyyatların yaşadılması hər birimizin borcudur. Əlinizə belə fürsət düşsə, mütləq alındırın.

Burada sizə kiçik bir sirr açım. Bu idea mənə Osmanlı şirniyyat mətbəxindən gəldi. Əksəriyyətimiz bilirik ki, türklər tarixi Osmanlı şirniyyat mədəniyyətinin qorunması üçün çox çalışırlar, buna da nail olublar. Düşündüm ki, belə bir fürsət düşmüşsə gərək ki, dəyərləndirək. Beləliklə də “AzUn” ticarət markası 2010 – cu ildə iki şirniyyat mağazası ilə fəaliyyətə başladı. Şirniyyat evlərində digər şirniyyat və qənnadı məhsulları da satılırdı. “AzUn” şirniyyat evlərində eyni zamanda avropanın tarixi çörək və qənnadı məhsulları da satılırdı.

Maraqlı bir kompozisiya alınmışdı. Bir tərəfdən öz tarixi şirniyyat məhsullarımız, digər tərəfdənsə avropa məhsulları. Ancaq çox təəssüf ki, mən bu marka ilə çox yoldaşılıq edə bilmdim, 2011 – ci ildə yollarımız ayrıldı və mən başqa şirkətə gedəsi oldum. Ancaq buna baxmayaraq mənim üçün sevindirici haldır ki, bu ticarət markası öz fəaliyyətini davam etdirir. Müştərilərə şirin anlar yaşadır.

Ümidvaram ki, bu ticarət markası zamanla öz mövqeyini daha bərkidəcək və şirniyyatsevər müştərilərinə verdiyi vədləri yerinə yetirəcəkdir.

Sizin marketinq bələdçiniz…

(170 dəfə baxılıb)