AQRESSİV SATIŞ nədir?

0
150

Son zamanlar marketinq və satış yönümlü təlimlərin keçirilməsi istiqamətində artışlar müşahidə olunur. Bunları nəzərə alıb, bu dəfəki məqaləmi də qeyd etdiyim kimi satışla bağlı yazmalı oldum. Əslində belə bir məqalə yazmağıma səbəb məhz təlimçilər və təlim mərkəzlərində təlim təşkil edənlər oldu. Bilmirəm nə məsələdirsə? heç kəs bildiyini tam paylaşmaq istəmir. Burada iki fikir yaranır – ya bilir, paylaşmaq istəmir. Ya da bilmir deyə hazır ədəbiyyatlardan öyrəndikləri ilə qane olur. Dostlar, həmkarlar! paylaşın, zərəri olmaz. Axı, təlimlərə getməyə imkanı olmayanlar da var, ya da təlimlərə gələ bilməyən ancaq bu sahə ilə maraqlanan gənc mütəxəsislər var. Axı onlarda bizlərdən biridir. Təcrübənizi özümüzdən olanlarla paylaşın, bilmək olmaz gələcəkdə nələr ola bilər? Bunu qəbul edən etsin, etməyənlər də özləri bilər. Belə də ki, mən paylaşıram onsuzda. Faydalı olacaqsa, məncə bundan böyük xoşbəxtlik ola bilməz. Dostlar, əslində satışın bir çox növləri var, bu barədə fərqli zamanlarda bloqpostlar yazacam. Satışın fərqli metodlarından biri də “AQRESSİV  SATIŞ” dır.

Bu satış növü 90-cı illərdən başlayaraq demək olar ki, şirkətlərin satış fəaliyyətlərində özünü qabartmağa başladı və bir çoxları bu cürə satışlarla milyonlara sahib ola bildilər. Ona görə ki, bu satış növü ilə satılan məhsullar adətən, məhsulun öz real dəyərindən 5-10 dəfə artıq qiymətə olur. Günümüzdə də qismən rast gəlinir. Yadınızda olar, bir ara tozsoran satırdılar. Qiyməti də nə az, nə çox düz 5000 $. Bəs necə satırdılar? Aydındır ki, belə qiymətə heç bir mağazada tozsoran tapa bilməzsiniz. Proses belə idi – qapınızı mədəni şəkildə döyürlər, siz qapını açırsınız və satıcı əlində tozsoran mədəni şəkildə evə daxil olurdu. Aman Allah imkan verməzdi ki, ağzınızı açasınız. Həmən tozsoran işə salınır, sizin ev bir anlıq tozsoran maşını üçün olurdu test keçirmə meydanı və hətta az qalırdılar ki, sizin özünüzü belə sovurub, aparatın içinə salsınlar. Məlum məsələdir ki, məhuslun belə bir təqdimatından sonra məətəl qalan ev sahibi, təqdimatın şokundan ayılana qədər tozsoranı alırdı. Çox güman ki, aranızdan kimlərsə bu tozsoranlardan almışdır, ya da yaxınlarından kimsə alıb. Ancaq burada sizin qanınızı qaraldası olacam. Ona görə ki, bu tozsoranların ABŞ-da qiyməti 350-600$ arasıdır. Bakıya da gətirilsə maksimum 1000 ya da uzağı 1500$ çıxar. Fikir eləmiyin olan işdi. Adamın başına iş gələr də. Baxın bu sözün əsl mənasında “AQRESSİV SATIŞ”dır. Bundan başqa yəqin ki, küçələrdə zəhlənizi tökən çinli və pakistanlı alverçiləri də xatırlayırsınız. Dilimizi və manatımızı zirək öyrənən çinli qadınları necə, xatırlayırsınız? Onların ən məşhur sözü isə “içi manat, içi manat” idi. Pakistanlılar isə ayaq üstü satmağa çalışdıqları, ucuz və keyfiyyətsiz ətirləri ilə bizi əməllicə yormuşdular. Baxın bu tam bir “AQRESSİV SATIŞ” metodudur. Heç vaxt unutmaram, bir gün atam işdən evə qayıtdığı vaxtlardan bir gün idi, əlində isə saç qırxan maşın da var idi. Soruşdum ki, bunu hardan almısan ay ata? Baxın görün kişi sevincli halda mənə nə deyir? Ay bala heç səsini də çıxartma, bir çinli arvatdan aldım. Özüdə əməlli endirimlə, 10 manata deyirdi, 3 manata qədər qiymətini sala bildim. Təbii ki, güldüm. Aydın məsələ idi ki, kişini aldatmışdılar. Pis çıxmasın bərbərliyi bacarıram deyə, atam tələsik köynəyini filan soyundu və dediki indi kəs saçımı. İnanın ki, istədim maşını işə salım və atamın saçını kəsim, cəmi bir dəfə “vıjjj” elədi. Vəssalam, maşın dediki öldür işləmərəm. Təbii haldır ki, atam başladı çinlini söyməyə və deyinə-deyinə düüüüz Çin səddinə kimi getdi çıxdı. Baxın bu da aqressiv satışdır. Sizə küçədə xlor satan da, qatıq satan da, məhəlləyə maşında meyvə gətirib satan da. Bu hamısı aqressiv satışdır. Günümüzdə, bir çoxlarınızın da fikir vermədiyi və ağlından belə keçirtmədiyi  “AQRESSİV SATIŞ”ları əvəz edən başqa bir aqressiv satış modeli formalaşıb. Bu “TELEMARKETİNQ” dir. Bəli, doğru oxudunuz – TELEMARKETİNQ!!!

TELEMARKETİNQ – son zamanlar müştəri axtarmaq üçün çox populyar olan marketinq və satış alətlərindən biridir.

Misal: Yadınızda olar yəqin, sizə evə zəng edirdilər və deyirdilər ki, keçirilən kampaniyada, sizin ev nömrəniz uduşlu nömrələr siyahısına düşmüşdür. Təbii haldır ki, evdar xanımlar üçün bu zəng çox maraqlı və cəlbedici olurdu deyə onlar bu təkliflə maraqlanır və təklif olunan ünvana gedirdilər. Ancaq məsələ burasındadır ki, “uduşlu” sözü burada bir az müəmmalıdır. Ona görə ki, uduşa düşmüş nömrə ilə hədiyyəni əldə edə bilmək üçün, əvvəlcə hər hansı bir məhsul alınmalıdır. Özü də böyük endirimlə. Tutaq ki, sizin nömrə kampaniyada – “saç feni” qazanıb, ancaq bunu əldə etmək üçün siz “şirə çəkən” almalısınız. Fikir verin, dəyəri 5 manat olan hədiyyəni almaq üçün, siz ortalama 50-70 manat arası pul xərcləməlisiniz. Bu birmənalı “telemarketinq”dir.

“AQRESSİV SATIŞ” metodu olduğunu isə mən bilirdim, bir də bu məqaləni oxuyanlar biləcəklər. Ölkəmizdə də geniş yayılıb. Ancaq təəssüf ki, peşəkar səviyyədə “telemarketinq” vasitəsi ilə məhsul və ya xidmət təqdim edən şirkətlərin sayı nəyinki azdır. Ya da deyərdim ki, heç mövcud da deyil.

 Əslində buna bir neçə səbəb var:

1) Şirkətlər “Telemarketinq”ə şöbə kimi yox, sıradan bir neçə işçinin idarə edə biləcəyi, asan və əlçatan kimi yanaşırlar.

2) Bu metoda strateji yox, səthi yanaşırlar.

3) Bu alətdən effekt əldə etmək üçün işə peşəkarları yox, qeyri-peşəkarları cəlb edirlər.

4) Bu istiqamətdə işçiləri peşəkar təlimlərə yollamırlar və ya özləri yetişdirmirlər.

5) Yanlış qurulmuş “Telemarketinq” satış metodunun şirkətin imicinə nə dərəcədə mənfi təsir edəcəyini bilmirlər.

Bu metoddan əsasən reklam, müxtəlif konsultasiya xidmətləri göstərən şirkətlər, özəl klinikalar və s. Əvvəldə də qeyd etdiyim kimi, bu da “aqressiv satış” hesab olunur.

Bəli dostlar mən sizə, ucundan – qulağından “AQRESSİV SATIŞ” barəsində məlumat verdim. Ümidvaram ki, bu məqaləni də bəyəndiniz. Növbəti məqaləmdə isə siz aktiv yoxsa aqressiv satış? hansı yaxşıdır? adlı maraqlı bir məqalə ilə tanış olacaqsınız.

To be continued….

Sizin marketinq bələdçiniz…

(261 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here