Aqressiv marketinq

0
66
Chess: King Down

 Siz elə bilirsiniz ki, hər şey bu qədər asandır? hə, asandır. Ancaq tam olaraq da yox.  Albert Eynşteyn

Çox az sayda mütəxəsis aqressiv marketinq barəsində fikir, ya da mövqe bildirmişdir. Az da olsa mən də real misallarla fikirlərimi yazmaq qərarına gəldim. Ümid edirəm faydalı olar. Mənə görə marketinq dərin və çox şaxəli fəaliyyət sahəsidir. Marketinqin bir çox növləri və metodları mövcuddur. Belə metodlardan biri də məhz “aqressiv marketinq”dir.

Aqressiv marketinqin məqsədi – bazarda rəqiblərinə qarşı sürətli və kəskin hücumun təşkili, rəqiblər ayılana qədər qısa müddətdə motivasiyalı satışlarla müştərilərini əldə etməkdir.

Aqressiv marketinq nədir? – Mən nəzəriyyədən yazmıyacam. Famil Alməmmədova görə – Aqressiv marketinq: Qısa müddətdə satış artımı, sürətli – çevik nəticə, vaxta qənaət, rəqibləri qabaqlamaqdır.

Aqressiv marketinq, uzunmüddətli marketinq kimi deyildir. Belə ki, uzun müddətli marketinqdə tələb və təklif, istehlakçı tələbi, marka dəyərləri kimi prinsiplər nəzərdə tutulursa, aqressiv marketinqdə bu prinsiplərin heç biri nəzərə alınmır. Burada əsas məqsəd nəzərdə tutulan məhsulların qısa bir müddətdə satılmasını təmin etməkdir. Bilirik ki, marketinqdə zamanı və mühiti dəyərləndirmək çox önəmlidir. Qısa olaraq 2015-ci ildə ölkəmizdə baş verənlər barəsində yazaraq, aqressiv marketinqlə əlaqələndirməyə çalışacam. Mənə görə 2015-ci ilin girişi də, çıxışı da həm ölkəmiz, həm də iqtisadiyyatımız üçün heç də yaxşı il olmadı. 1 il ərzində 2 dəfə devalvasiyanın baş verməsi, az qaldı ki, ölkəni çökdürsün. Böhranla bağlı Uiston Çerçilin dediyi bir fikir var – ” Hər böhran özü ilə yeni fürsətlər gətirir”. Məncə də belədir. Sözün düzü hələ ilk devalvasiya baş verəndə düşündüm ki, şirkətlərimiz ələ düşmüş bu fürsəti maksimum dərəcədə dəyərələndirəcəklər. Amma olmadı, olmadı. Əksinə yersiz və mənasız qiymət artımları, süni məhsul çatışmazlıqları yaradaraq istehlakçılarla aralarında olan ən son ümid körpülərini belə yandırmaqdan çəkinmədilər. İndi isə satışların düşməsindən, xalqda pulun olmamasından danışaraq özlərini təsəlli edirlər. Narahat olmayın, millətdə pul var. Sadəcə istehlakçıların davranışları və sizlərə olan münasibətləri kəskin dəyişib. Bəli, böhran bir fürsətdir. Aqressiv marketinq üçünsə ən ideal və ən uyğun şəraitdir. Zamanında öz markaları üzərində ciddi işlər görməyən, öz müştərilərini məmnunun salmayan şirkətlərin böhran zamanı onları itirmək riskləri daha çoxdur.

Başqa bir tərəfdənsə böhran zamanı həm də bir çox şirkətlər reklam bazarından da çəkilirlər. Reklam bazarında seyrəkliklərin yaranması da daha çevik düşünən şirkətlər üçün başqa böyük fürsət qapılarını açır. Belə ki, reklam bazarından çəkilməklə rəqib şirkətlər ciddi səhvə yol verirlər. Bu bazardan çəkilmək istehlakçılarının gözlərindən, hafizələrindən kənarlaşmaq deməkdir ki, çevik və sürətli düşünən smart şirkətlər üçün meydan boşluğu, müştərilərin yaddaşlarında hafizə boşluğu deməkdir. Məhz belə məqamda həmin şirkətlərin köməyinə  aqressiv marketinq gəlir. Bu marketinq taktikası ilə rəqiblərin və müştərilərin üzərinə hücumlarla, rəqib müştərilərinin diqqətini çəkməyə nail olmaq və böhranlı zamanlarda satışları artımaq üçün real mühitdir.

J.Trout deyir: “Aqressiv marketinqlə, uğur qazanmağın yolu – rəqiblərin fəaliyyətləri, bazardakı mövqelərində olan boşluqları tapmaqdan və mühitə uyğun marketinq hücumları ilə rəqiblərin  zəif bəndinə zamanında vurmaqdan keçir”.

Aqressiv marketinq termininə nisbətən yumşaq yanaşsaq  – şirkətin bazara, alıcılara və rəqiblərə yönəlik aktiv hücumları nəzərdə tutulur. Burada kompromiss deyilən bir şey yoxdur. Bir sözlə aqressiv marketinqdə tək amal istehlakçılar uğurunda “MÜHARİBƏ”dir.

Aqressiv marketinqin effektivliyinə təsir edən 3 əsas məqama diqqət edin:

  1. Təklif (offer) – Elə bir təklif hazırlayın ki, müştərilər imtina edə bilməsinlər.
  2. Qısa müddətli (deadline) – Siz satış aksiyalarınızı qısa müddətli etməsəniz, zamanla sizin satış kampaniyanıza maraq itəcəkdir. Aqressiv marketinqdə əsas və effketiv olanı, qısa müddətli və sürətli davranmaqdır.
  3. Motivasiya ( motivation)  – Alıcıları motivə edərək, onları məhsul almağa təhrik etməlisiniz.

İndisə keçək bir azda işin praktiki tərəflərinə. Təcrübədə yerli şirkətlərimiz aqressiv marketinq taktikasına səthi yanaşırlar. Həm də bir çox hallarda isə yanlışlar buraxaraq. Bu yanaşmaların içərisində həm yanlışları, həm də düzgün yanaşmanı aşağıdakı kimi izah etməyə çalışacam.

  1. Yəqin ki, marketlərdə tez – tez müxtəlif stendlər yanında duran qızları görürsünüz. Hətta bəzən belə dadızdırmalar zamanı təqdim edilən məhsullardan da dadmısınız. Baxın bu aqressiv marketinqdir. Düzdür burada aqressiv marketinqin əlamətləri tam hiss edilmir. Bu sadəcə məhsulun dadızdırmasıdır. Marketer dostlarımız bu məsələyə bir qədər həssas və strateji yanaşsalar, təqdimatı aparılan məhsulun satışlarında ciddi artışları özləri görə bilərlər. Bəs bu necə olur? Adətən dadızdırma stendi bir çox hallarda şirkətin öz məhsulları olan stendin yanında quraşıdırılır və market ziyarətçilərinə təqdim olunur. Belə olduğu halda bu sıradan dadızdırmadan başqa bir şey deyil. Bir haldaki mövzumuz aqressiv marketinqdir, onda buna səthi yox, strateji yanaşmalıyıq. Necə? Məqalənin əvvəlini yadınıza salın. Aqressiv marketinqin əsas hədəflərindən biri də rəqibin müştəriləridir. Belə olan halda stendimizi öz məhsullarımızın yanında yox, rəqib məhsullarının stendlərinə yaxın yerdə yerləşdirib dadızıdrma aparsaq, o zaman buna aqressiv marketinq deyə bilərik. Bu dadızdırmada əsas hədəf, marketə daxil olan ümumi alıcılar yox, sırf rəqibin müştəriləridir. Əsas hədəf onlardır. Onlarınsa diqqətini çəkmək, seçdiklərin məhsulların ya yanında, ya da yaxınlığında olmaqdan daha çox asılıdır.
  2. Şəhərimizdə əksəriyyətimizin sevdiyi bir neçə məkan var. Bunlar Park Bulvar, 28 Mall, Metro Park kimi ticarət mərkəzləridir. Bu məkanlara adətən dostlarla gedib bir stress atırıq. Yəqin bu ticarət mərkəzləridəki restoranlarda da ara sıra əyləşib dadlı xörəklərdən yemisiniz. Bir anlıq həmin yerləri yadınıza salın. Elə ki, siz restoranların ərazisinə daxil oldunuz. Arada gəzişən restoran işçiləri sizləri öz dəzgahlarına dəvət edirlər. Həm də bir başa bir birilərinə rəqib olanların gözləri qarşısında müştərilərə hücum edərək onları qazanmağa çalışırlar. Bu da sizə növbəti aqressiv marketinq nümunəsi.
  3. Telefon operatorlarının öz abunəçilərinə yönəlik qısa müddətli (pulsuz smslər, pulsuz internet paketləri, pulsuz danışıqlar və s.) kampaniyaları. Bu da aqressiv marketinqdir.
  4. Aqressiv marketinq texnikalarının faydalı və effketiv ola bilməsinə görə 2 mütəxəsis məsuliyyət daşıyır. Biri marketinq menecer, digəri satış meneceri. Marketinq menecerdən tələb olunan, məhsulların təqdimatı üçün düzgün məkan, düzgün vaxt seçməkdirsə. Satış menecerinin vəzifəsi təqdimatı aparılan məhsulla sadəcə maraqlanan müştərini almağa sövq etmək bacarığı olmalıdır. Əgər məhsul təqdimatı zamanı qüsurlar olsa, müştəri bir daha həmin məhsula yaxın durmaz. Müştəri düşünməlidir ki, əgər o bu məhsulu almazsa sonra çox şeyi itirə bilər. Unutmayın ki, aqressiv marketinq uzun müddətli yox, qısa müddətli satışlara dəstək üçün atılan marketinq addımıdır. Buna xüsusi önəm verin.

Hörmətli oxucu! əvvəlki məqalələrimdə olduğu kimi, oxuduğun bu məqaləmdə də səninlə öz fikirlərimi bölüşdüm ki, faydalı olsun. Real praktikalara dayanılaraq yazılan bloqları izləmək istəyirsinizsə, bloqumdakı məqalələri oxumağa davam edin.

Sizin marketinq bələdçiniz…

(214 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here