El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən

0
107

Bu dəfəki məqaləmi ənənədən kənar olaraq, son bir neçə gündə ölkəmizdə baş verən cəbhə olaylarına həsr etmək qərarna gəldim.

Vətən sözünün lüğəti və istilahi mənası

Vətən sözü – Ərəb sözü olaraq Azərbaycan dilində “bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət” deməkdir. (“Azərbaycan dilinin izahlı lüğəti”)

İbn Mənzur demişdir: “Yaşadığın yer deməkdir. Deyilir ki, filankəs filan yeri özünə vətən seçdi. Yəni qalacağı və yaşayacağı bir məskəni seçdi”. (“Lisən əl-Arab” 13/451)

Vətənpərvərliyin ümumi anlayışı

Sosioloqlara görə vətənpərvərliyin müxtəlif tərifləri var. Onlardan bəziləri vətənpərvərliyi əqidə sayaraq ona görə dost və düşmən tutur, digərləri isə İslam əqidəsi çərçivəsi daxilində vicdani duyğu ifadəsi sayıblar. İnsan vətənini sevməli, orada yaşamağa səy göstərməli və öz ixtiyarı ilə oranı tərk etməməlidir. Vətəni sevmək insan daxilində kök salmış elə bir xüsusiyyətdir ki, insanı orada qalarkən rahatlıq tapmağa, oradan gedərkən darıxmağa, ora hücum olunarsa müdafiə etməyə və torpağı alınarsa qəzəblənməyə sürükləyir. Bu təbii formada olan vətənpərvərlik bəyənilən bir əməl, ülvi bir hissdir. İnsan vətənini tərk etməyə nə qədər məcbur olsa belə, yenə də vətən həsrəti zehnində qalaraq ondan ayrılmayacaqdır. Ona görə də Asmai demişdir:

“Üç canlıda üç xislət vardır: Dəvə uzun bir zaman keçsə də öz vətəni üçün, quşun yuvası qıtlıq yerdə olsa da öz yuvası üçün, insan digər yer daha bol və firavan olsa da öz vətəni üçün darıxar”.

Şəriətdə vətənpərvərlik məfhumu

Qurani-Kərimdə vətənə aid ayələr

Allah-Təala buyurur: “Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”- deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər …”. (Qurani-Kərim, “ən-Nisə” surəsi, 66-cı ayə)

Bu ayədə yurd , vətən sevgisi insanın özünü sevməsi ilə yanaşı gəlmişdir. Həqiqətən də, onların hər ikisi insan daxilində kök atmış əziz bir hissdir.

Allah-Təala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (Qurani-Kərim“əl-Mumtəhənə” surəsi, 8-ci ayə)

Burada vətən sevgisi din sevgisi ilə yanaşı gəlmişdir. Müsəlmanlara dininə görə döyüş etməyənə və onu ölkəsindən çıxartmayana qarşı yaxşılıq etmək və adil olmaq əmr olunmuşdur. Bu da vətən sevgisi ilə islam sevgisinin elə mehz dində de və insan daxilində də olan yeri olmasina açıq aydın bir sübutdur.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsində vətənə aid hədislər

Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səfərdən qayıdarkən Mədinənin hündür yollarını (digər bir hədisdə hündür ağaclarını) görən zaman dəvəsini tələsdirər və (digər) minik üzərində olan zaman miniyini daha sürətlə hərəkət etdirərdi”. (Buxari rəvayət etmişdir)

Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkəyə dedi: “Sən necə də gözəl vətənsən! Sən mənə necə də sevimlisən! Əgər qövmüm məni səndən çıxartmasaydı, səndən qeyrisində yaşamazdım”. (Tirmizi rəvayət etmiş və Albani “səhihdir” demişdir)

Peyğəmbərimiz Hz. Muhamməd (Allahın ona salavat və salamı olsun) “Məkkəni çox sevirdi. Əgər səbəb olmasaydı, oradan çıxmaq istəməzdi. Mədinəyə hicrət edərək orada məskunlaşdı. Məkkəni sevdiyi kimi Mədinəni də sevdi və ona öyrəşdi. Hətta, Mədinəni sevmək üçün dua edərək deyərdi: “Allahım, Məkkəni sevdiyimiz kimi Mədinəni də bizə daha çox sevdir”. (Buxari rəvayət etmişdir)

O, həmçinin, İbrahimin (Allahın ona salamı olsun) Məkkə üçün dua etdiyi kimi Mədinənin və ruzisinin bərəkətli olması üçün dua etmişdir.

Biz görürük ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sevgisi yaşadığı abi-hava ilə təsirlənmişdir. O, Məkkəni sevərək onun üçün darıxırdı. Mədinədə yaşayıb ona öyrəşdikdən sonra isə Məkkə sevgisindən də üstün Mədinə sevgisi verməsi üçün Allah-Təalaya dua edirdi. Sonralar isə Mədinəni sevdiyini bəyan edər, ora üçün darıxar və Mədinəyə qayıtdığı zaman isə sevinərdi.

Məqaləmə isə tək bir sözlə başlayıram.

Azərbaycan!…

Mən deyərdim ki, sən tarix boyu mövcud olan ölkələr içərisində ən şərəflilərindən, ən şanlı olanlarındansan ey gözəl yurdum.

Azərbaycan! Nə məsələdirsə? Gələn də, ötüb keçən də səndən bir tikə qopartmağa çalışır. Onsuzda tarix boyu sahib olduğun əzəli torpaqlarından böyük bir qismi üzümüzə yalandan dost deyənlərin, ya da açıq düşmən kəsilənlərin murdarlaşmış əllərindədir.

Azərbaycan! Nə məsələdirsə? Kimlərə görəsə sən xaraba, kimlərə görəsə sadəcə yaşanan ölkə, kimlərə görəsə qaçıb canını qurtarmağa çalışdıqları məmləkətsən. Anlaya bilmirəm belələrini, ey mənim şanlı vətənim.

Artıq 25 ildir ki, müstəqil dövlətsən, öz dilin, öz himinin, öz pulun, öz sərhədlərin, öz ordun, öz azadlığın var. Eyni zamanda da 21 ildir ki, gavur tapdağında qalan, həsrətində qaldığımız və əlimiz çatmayan Qarabağımız var. Başqalarını deyə bilmərəm, şəxsən mən özümü o torpağın övladı kimi hiss edirəm. Sanki oralarda böyümüş, boya başa çatmışam. Sanki Şuşa qalasının divarları yanında uşaqlarla oyunlar oynamışam, sanki Cıdır düzündə, Qarabağ atlarını çapmışam. Ancaq təəssüf ki, əzəli torpağına, böyüyüb başa çatdığı Qarabağa qayıtmaq istəməyən şərəfsiz, ləyaqətsiz oğul və qızların da var. Nə edək? Mən belələri o pak torpağa qayıtmasalar yaxşıdır deyirəm. İnşeallah gec ya tez biz o torpaqları gavurlardan təmizlədikdən sonra, Qarabağı (o gözəl bağı) sözün əsl mənasında sevən övladların abadlaşdıracaqlar, 21 ildir ki, açmayan gülün “Xarı bülbül” yenidən çiçək açacaq. Buna əminəm. Ancaq sən bunu özünə dərd, qəm etmə ey gözəl, yurdum Azərbaycan. İki gündə itkilərimiz oldu. Allah, döyüşlərdə şəhid olan qardaşlarımıza rəhmət eləsin, valideynlərinə də səbr versin. Sağ olun ki, vətən üçün belə oğullar böyütmüsünüz. Haqqınızı, bizlərə halal edin.

Çox təəssüf ki, bəziləri belə hadisələri özlərinə fürsət bilib ağızlarına gələnləri yazırlar. Bilirəm, başa düşürəm ölkəmizdə sosial-iqtisadi durum ürək açan deyil. İndi nə edək? Vəziyyət belədirsə torpaqlarımızı o şərəfsizlərə mi tərk edək? Dövləti belə məqamda tək mi buraxaq? Məncə yox. Düşüncələriniz kimi, özləriniz də səhvsiniz. Dövlət dediyimiz müharibə şəraitində ordumuzdur. İndi bir iki başı xaraba görə ordumuzdan dəstəyimizi mi əsirgəyək? Ordumuz harada olacaqsa bizlər də orda olmalıyıq. Son olaraq tövsiyəm odur ki, belə məqamlarda bacarırıqsa əməlimizlə dövlətimizə yararlı olaq, bacarmırıqsa heç olmazsa xalqımızı, millətimizi ruhlandıracaq sözlərimizlə faydalı olaq. O da olmazsa susun, lal qalın. Bir birimizi ittiham edəcək sözlər yazmaqla, düşməni özünüzə güldürməyin.

Son olaraq, Allahu Təaladan ordumuza, əsgərlərimizə, zabitlərimizə, generallarımıza, ayəsində də bildirdiyi gözə görünməz orduları ilə dəstək olmağını diləyirəm. Ya Rəbb! Sən döyüşlərdə həlak olan qardaşlarımızı dərgahına şəhid olaraq qəbul et. Bu çətin yolda qalanları isə qazilərdən eylə! Amin.

Vətənini sevən əsgər!

(208 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here