Hə dostlar, birinci məqalənin çox səs küylü olacağını təxmin etmişdim. Elə də oldu. Məsələ burasındadır ki, bəzi kəslər məqalənin mahiyyətini anlamadan, məqalənin faydalı tərəflərini təhlil etmədən, nə məsələ oldusa keçdilər müdafiəyə. Ancaq məqalənin yazılmasında məqsəd hansısa şirkəti yıxıb – sürümək deyil. Məqsəd şirkətin bir illik fəaliyyətini qismən də olsa dəyərləndirməkdir.

Əvvəlcə keçim bu bayraq məsələsinə. Yazacağım fikirlə heç də kiminsə şəxsiyyətinə toxunmaq niyyətim yoxdur. Ancaq fikirlərimi yazmaq məcburiyyətindəyəm. Sadəcə mənim üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirmək istəyirəm. Weecomi gedib Ukraynaya qədər çıxıb, olsun. Nə deyirəm ki? Mən Türkiyəni və bayrağını sevirəm. Ancaq Azərbaycanı və bayrağımızı daha çox sevirəm. Heç kəs inciməsin və hesab edirəm ki, haqlıyam. Axı necə olur ki, şirkət Azərbaycanda yaranır və ictimaiyyətə də Azərbaycan şirkəti kimi təqdim edilir. Ancaq başqa ölkələrdə bizim bayraqla təmsil olunmur. Məncə buna diqqət etmək lazımdır. Təkrar yazıram, bu bir iraddır. İradlara düzəliş olunmalıdır. Weecomi Azərbaycan məhsuludursa, bizə aid olduğu da hər yerdə özünü biruzə verməlidir. Şovinist yazılarla millətin beynini xərəb etməyə də ehtiyac yoxdur. Yox, kimsə durub desə ki, nə fərqi var e? Türkiyədə bizimdi, Azərbaycanda. Razıyam, mənim üçün də fərq etməz. Bir haldaki kimlər üçünsə fərq etmir, onda gəlin elə məsələyə Azərbaycan bayrağını qoymaqla son qoyaq. Nəysə…

Birinci yazıda qeyd etdiyim kimi, bu dəfəki məqaləmlə “Weecomi” şirkətinin fəaliyyətini 4P modeli ilə qiymətləndirməkdir. Beləliklə də keçək analizimizə. 4P – modeli. Mənə görə marketinqin bütün modelləri məhz bu marketinq konsepsiyası üzərində formalaşmış, inkişaf etmişdir və inkişafı da davam edir. İstər artan “P”-lər olsun, istərsə də “C”-lər olsun. Nəysə, keçək “Weecomi”yə. Baxaq görək, bu şirkətin məhsulu nədir?

Başlayaq birinci “P”-dən

Product (Məhsul və ya xidmət) – Məhsul və ya xidmət istənilən sahədə istehlak xüsusiyyətlərini özündə cəmləşdirən bir məcmudur. Yəni məhsul və ya xidmətlər, birmənalı olaraq cəmiyyətin, müxtəlif istehlakçı seqmentlərinin tələbatlarını ödəyən vasitədir.

Baxaq görək Weecomi şirkəti özü təklif etdiyi xidmətlər haqqında qısa olaraq nə deyir?

Weecomi – günlük alışverişlərdən pul, bonuslar qazandıran, qazanılan pul bonusları ilə pulsuz alışveriş etmə imkanlarını təmin edən  bir telefon dəstəkləyicisidir. Bu şirkətin məhsuludur. İndi keçək məhsulun təhlilinə.

Buradan belə çıxır ki, bu xidmət sahəsinin effektivliyi bir başa internetlə bağlıdır. Başlayım, qarşıma çıxan saytdan – http://weecomi.org/ saytı mənə görə bu xidməti geniş mənada təmsil edə bilməsi üçün son dərəcə zəif bir saytdır. Dil seçimlərində tərcümələr tam işlənilməyib, xüsusilə Azərbaycan dili bölməsində. Hələ də türk dili qalmaqdadır. Əgər şirkət Azərbaycan şirkətidirsə, niyə domein (.az) la bitmir? Əgər şirkət Azərbaycan şirkətidirsə, niyə menyu Türkiyə türkçəsindədir? Məncə bizim dilimizdə olsa daha gözəl olardı. Bir sözlə müştərilər və ya istehalkçılar xidmət haqqında bu saytdan məlumat almaq istəsələr, sanmıramki saytda təqdim olunan informasiyalar sayt ziyarətçilərini qane edə. Beləliklə də şirkətin  əsas gücü olan sayt, məhsul və ya xidmətlərin təqdimatı üçün müştəri gözləntilərini alt-üst edir. Ona görə ki, play marketdə olan informasiya ilə, saytda olan informasiya arasında ciddi fərqliliklər və yanlış məlumatlar var. Bir yerdə göstərir ki, müştəri sayı 25 000, başqa bir yerdə isə 1000 nəfər. Bir yerdə yazırki nümayəndəliklərin sayı 1000 dən artıqdır. Ancaq mən 64 dən artığını tapa bilmədim. Bunlardan da 2 Gürcüstan, 16 ya qədəri Türkiyə 46 ya qədəri isə Azərbaycandadır. Application – mövcud deyil. Sistem İOS`u demək olar ki, dəstəkləmir və play marketdən də tapmaq olmur. İOS sisteminin qəbul etməsi üçün linkdən istifadə olunur. Bu da (product) ilkin informasiya ötürücüsü olduğu üçün problemlidir. Beləliklə də 4P modelinin birinci “P”-si haqqında qısa olaraq müəyyən etdik ki, problemlər boğazı aşır. Ola bilsin ki, məhsul keyfiyyətlidir, ancaq məhsulun çox zəif şəkildə təqdim olunması, məhsulun keyfiyyətinə və etibarlılığına bir başa təsir edir. Ümumiyyətlə 4P konsepsiyasının əsasını təşkil edən məhsul və ya xidmətlərdə problemlər aşkarlanmışsa, artıq bu probelm qalan digər “P”– lərdə də öz təsirini göstərəcəkdir. Qarşıma çıxan sayt təəssüratları və xidmətləri barəsində yaradacağı fəsadlar barədə bu qədər. İctimaiyyətə təklif olunan xidmətlər (product) üzərində ciddi işlər aparılmadan, məhsul və ya xidmətin təklif olunması da problemlərin başındadır.

Bu bir növ, özülü tökülmüş evin özüldəki betonu bərkimədən və tam olaraq qurumadan, divarların hörülməsini xatırladır.

Price (qiymət) – Mənə görə təklif olunan paketlərə təyin edilən qiymətlər və ödəmə şərtlərində də probelmlər mövcuddur. Ən böyük problem paketlərin, xarici valyuta ilə həyata keçirilməsi cəhdləridir. Bu özü özlüyündə ölkə qanunvericiliyini pozur. Ona görə ki, Azərbaycan ərazisində alışveriş zamanı  məhsul və xidmətlərin ödəmələri milli manatla həyata keçirilməlidir. Əgər doğrudan da Weecomi bir Azərbaycan şirkətidirsə, məncə ölkə daxilində buna mütləq şəkildə diqqət olunmalıdır. Devalvasiya rüzgarının hələ də davam etdiyini nəzərə alsaq, bu ciddi mənada xidmət üçün tələb olunan qiymət siyasətinin təsir miqyaslarını araşdırmaqda və dəyərləndirməkdə faydalı ola bilər. Bazarın və istehlakçıların ödəmə qabiliyyətləri məncə nəzərə alınmayıb.

Place (yerlər) – Yer seçimlərində də qüsurları vardır. Mənim ilkin təəssüratlarım belədir ki, nəzərdə tutulan xidmətin satışı və məqsədləri də bölüşdürülməyib. Belə ki, potensial alıcıların tapılması, qiymətləndirilmələri, fərdi yanaşmalar, xidmətin təqdimatı, sövdələşmələr və s. problemləri saymaqla bitmir.

Təklif olunan xidmətlərə nəzər salsaq, vəziyyət ümumən yaxşı görünə bilər. Ancaq dərinə getdikdə, yerlərdə xidmət səviyyəsinin heç də ürək açan olmadığı aşkara çıxır. Bu isə nəticə etibarı ilə şirkətin özünə qarşı müqaviləli yerlərdə fəaliyyətində zamanla müştəri və istehlakçılar arasında problemləri qaçılmaz duruma qədər çatdıracaqdır. Qarşısının da yaxın zamanlarda alınacağına səmimi yazıram bir qədər şübhə edirəm. Ona görə də istənilən şirkət öz müştərilərinin qeydinə qalmalıdır. Belə bir yanaşma olmazsa, işlər getdikcə çətinləşəcəkdir. Yerlərdəki vəziyyətin analiz olunması qaçılmazdır. Unutmaq lazım deyil ki, məhsul və ya xidmətlərin çox satılması hələ çox qazanc olacağı anlamına gəlməz.

Promotion (tanıtma) – 4P zəncirində ən son həlqə – Markanın, məhsulun və ya xidmətin tanınması. Weecomi burada da ciddi nöqsanlara yol vermişdir. Belə ki, vahid reklam konsepsiyasının, məqsədyönlü fəaliyyətin, konkret məqsədlərin olmaması və s. Sanmıram ki, indən belə bu istiqamətdə də ciddi işlər aparılsın. Bunun üçün əvvəlcə resurs olmalıdır. Resurslar isə artıq bitmişdir. Sonuncu “P” də demək olar ki, görülən bütün işlərin nə dərəcədə düzgün və effektiv təşkil olunduğunu müəyyən etmək olur. Birinci yazımda da qeyd etdiyim kimi, layihə olaraq bəyənirəm. Ancaq “Weecomi” komandasının işləri birmənalı olaraq doğru istiqamətdə təşkil etmədiyi qənaətindəyəm. Sonda görülməli olan işləri, əvvəldə. Əvvəldə görülməli olan işləri də nə məsələdirsə sona saxlandı. Bu da marketinq prinsipləri qaydalarını başdan pozduğu üçün, bu şirkəti hələ çətin mərhələlərin gözlədiyini düşünürəm.

Xüslasə: Əslində şirkət daxilində ciddi menecment problemlərinin olduğunu, gecikən qərarların verildiyini görməmək imkansızdır. Çox təəssüflər olsun ki, bu şəbəkədə olanların əksəriyyəti “Network Marketing”in tamam fərqli bir istiqamət olduqları qənaətindədirlər. Yaxşı, mən olsun deyirəm. Hörmətli “Network Marketing” aşqiləri, icazənizlə bir sual verim. Nəticə olaraq təmsil etdiyiniz xidmət “Weecomi” şirkətinin məhsulu deyil mi? əgər ortada şirkət məvhumu, şirkət fəaliyyəti varsa, idarəçilik və verilməli olan qərarlar da qaçılmazdır.

Bir dənə də sual, iqtisadiyyatında problem olan, istehlakçı davranışlarında tez – tez dəyişikliklər olan bir ölkədə, hansı iri gəlirlərin olacağı iddiasında olmaq olar? Mənə görə bazara və ətrafa baxış tərzini dəyişmək lazımdır. Başqa yol yoxdur. Əgər düşünürsüzsə ki, yox əşşi biz deyən olacaq, mənə görə bu qədər iddialı olmaq, bir çox şeyi də görməməzlikdən gəlməyin özü xidməti zədələyəcəkdir.

Xüsusi qeyd: Əgər məqaləyə tutarlı cavab yaza biləcəksinizsə, şərhlərdə öz iradlarınızı yazın. Şərhlərdə məqaləyə uyğun olmayan yazılar silinəcəkdir.

Sizin marketinq bələdçiniz…

(304 dəfə baxılıb)