Əziz dostlar, yoldaşlar və həmkarlar!

      Sizləri, baş tutmuş növbəti rebrendinq layihəmlə tanış etmək istəyirəm. Bu dəfə ki, rebrendinq işim qida sektoru ilə yox, sosial şəbəkə ilə bağlıdır. Bu saytı bəziləriniz tanıyırsınız, bəziləriniz tanımırısınız. Haqqında bəziləriniz eşitmisiniz, bəziləriniz eşitməmisiniz. Ancaq aranızda elə həmkarlar, elə yoldaşlar də vardır ki,  müxtəlif səpkili məqalələrini bu saytda paylaşılmışlar. Bu sayt www.perakende.az saytıdır.

     Saytın loqosunun yenilənməsi və başqa fərqli formatda yığılması nəzərdə tutulduğu üçün, fəaliyyəti müvəqqəti olaraq durdurulmuşdur. Saytın rebrendinqi ilə bağlı yazmazdan öncə, qısa olaraq “REBRENDİNQ” marketinq əməliyyatı nədir? Rebrendinq nəyə lazımdır? Və niyə lazımdır? Kimi suallar barəsində öz fikirlərimi sizlərlə paylaşmaq istəyirəm.

     Rebrendinq – Bir çoxları restyling, facelift kimi dəyişikliklərlə qarışıq salırlar. Əslində isə bunlar üçüdə tamam fərqli marketinq əməliyyatlarıdır. Bunlar barəsində yaxın zamanlarda məqalələrim olacaq. Bəli, elə bu yanlışlar üzərində qurulan strategiyalar, gec ya da tez özünü markanın fəaliyyətində mənfi cəhətdən büruzə verir. Məhz buna görə də şirkətlər “qaş düzəltdiyim yerdə, vurdum gözünü çıxartdım” misalını, təcrübədə özləri real olaraq yaşayırlar. Düzgün strategiya seçilməzsə, rebrendinq bir müəssisə və ya bir marka üçün son dərəcə təhlükəli və riskli addım ola bilər. Mən deyərdim ki, şirkəti və ya markanı iflasın hüduduna qədər gətirib çıxardar.

Bəs necə olur ki, rebrendinq əməliyyatı uğursuz nəticələnir?

      Bu sualın cavabı çox sadədir. Ola bilsin ki, yazacağım fikir bəzi dostların, bəzi yoldaşların xoşuna gəlməsin. Ancaq nə edim, mən doğru olanı yazmalıyam. Məsələ burasındadır ki, yerli şirkətlərimiz yeniliklərə getdikləri zaman, rebdrendinq məsələsində bu yükü dizaynerə, kreativ menecerə ötürürlər. Yəni uğursuz rebrendinqlərin əksəriyətinin daşının altını eşələsəniz, oradan mütləq ya bir dizayner çıxacaq, ya da ki, bir kreativ mütəxəsis. Əslində bu sözləri yazmaqla kimlərisə ittiham etmək fikrində deyiləm. Ancaq bir çox hallarda məhz bu şəxslər şirkətin rebrendinqinin uğursuz alınmasına başlıca səbəbdirlər. Əzizlərim, kimsə yaxşı kreativ mütəxəsis ola bilər, kimsə yaxşı, super – puper dizayner ola bilər. Ancaq unutmayaq ki, bu iki fərd marketinq mütəxəsisinin son hədəf kütləsi ilə ünsiyyətdə olmayan tərəflərdir. Missiya, vizyon kimi son dərəcə əhəmiyyətli strategiyaların yazılmasında, gələcək planların hazırlanmasında və s. iştirak etməyən tərəflərdir. Ona görə də, bu şəxslərin üsniyyətləri, irtibatları, istər marketinq mütəxəsisləri ilə olsun, istərsə də brend menecerlərlə olsun, qaçılmazdır.

Rebrendinq – kimi son dərəcə strateji əhəmiyyəti olan, riskli marketinq əməliyyatının tək cərrahı – ya marketinq mütəxəsisidir, ya da ki, brend menecer. Kreativ mütəxəsis və ya dizayner burada asistentlik etməlidirlər. Ona görə ki, markanın sabahına görə nə kreativ menecer, nə də ki, dizayner məsuliyyət daşımırlar. Mənim fikirimcə hərə öz işi ilə məşğul olsa, şirkətin və ya markanın uğuru üçün görülən bütün müştərək işlər də müvəffəqiyyətli olar.

Rebrendinq niyə lazımdır?

      Bu barədə fikirlərimi qısa yazacam. Müasir dünya durmadan inkişf edir, özü də çox sürətli. Buna görə də bizneslər bu sürətlə ayaqlaşmağı bacarmalıdır. Məhz elə buna görə də zamanla biznesi yeni bazar şərtlərinə uyğunlaşdırmağa ehtiyac yaranır. Ehtiyacları isə “rebrendinq” əməliyyatı ödəyir.

Rebrendinq (ing. rebranding) — Markanın, onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlərdir. Buna gedilirsə, deməli markanı daha aktual və daha maraqlı etmək əsas hədəflərdəndir. Əslində “rebrendinq” zamanı köhnə brend tamamilə silinmir, onun tanınan və istehlakçılar tərəfindən qəbul olunan əsas tərəfləri qorunub saxlanılmalıdır.

İndi isə öz işlərimiz haqqında

www.perakende.az saytı elə də köhnə saytlardan deyil. Sayt özü 2015-ci ildən xidmət göstərir. Sual ola bilər ki, bəs yaxşı 1 ilə görə rebrendinq tez deyil? Yox, nə tez deyil, nə də gec deyil. Yuxarıda da qeyd etdiyim kimi, müasir dünya və müasir bizneslər sürətlə inkişaf edir. Təbii ki, bunların təsirindən bazarlar da inkişaf edir və bazar proseslərində dəyişikliklər baş verir. Biz də bunu nəzərə alaraq dəyişikliklərə getməyi və saytın izləyiciləri üçün tamam fərqli bir formatda xidmət göstərmək qərara alınmışdır. Son vaxtlarda ölkəmizdə fəaliyyət göstərən müəssisə və şirkətlərimiz pərakəndə sektorunda həm marketinq, həm də satış baxımından nəzərə çarpacaq dərəcədə aktivlik göstərirlər. Əslində saytın yenilənməsində və fəaliyyətində əsas məqsəd, Azərbaycan pərakəndə sektorunda baş verən günlük xəbərləri, yenilikləri, bazarlar haqqında maraqlı  marketinq məlumatlarını, izləyicilərimizə doğru vaxtda və doğru zamanda çatdırılmasını təmin etmək əsas məqsədlərdəndir. Perakende.az səhifəsinin işi sadəcə bir sayt fəaliyyəti ilə məhdudlaşmayacaq. Necə deyərlər, hamımız birlikdə bir çox yeniliklərin və sürprizlərin  şahidi olacıyıq. Qısası perakende.az saytının komandası, hər kəs üçün faydalı olacaq bir xidmətlə qarşınızda olacaqlar.

Bir az da loqomuz, daha doğrusu əsas səbəbkar barəsində bir qədər fikirlərimi və loqotipin fəlsəfəsini paylaşmaq istəyirəm.

Gördüyünüz kimi loqo barkod şəkilindən, çantadan, rəqəmlərdən və perakende.az yazılarından ibarətdir. Əslində bunların hər birini ayrıca açıqlaması vardır.

Başlayaq barkod və bunun loqomuzda istifadəsinin səbəblər haqqında:

Barkod nədir?

   Barkoda mütəxəsislər öz aralarında qlobal biznes dili də deyirlər. Belə ki, əksər biznes vahidlərinin barkodu mövcuddur. Bildiyimiz kimi barkod bir çox məhsulun üzərində olan düzbucaqlı və ya dördbucaqlı şəklində olan etiketdir. Bu, bir-birinə paralel şəkildə çəkilmiş incə, qalın  xətlərdən və  bu xətlər arasındakı boşluqlardan əmələ gəlmişdir. Xətlər sadəcə məhsulun identifikasiya nömrəsini göstərir. Məhsulun qiyməti və onun haqqında digər məlumatlar barkodu oxuyan aparatda cəmləşmişdir. Barkodu oxuyan aparat məhsulun nömrəsini kassada əks etdirir. Nəticədə, məhsulların qiymətləri daha sürətli sıralanır. Əgər barkodlarda  identifikasiya  nömrəsinin əvəzinə məhsulun qiymətləri şifrələnmiş olsa idi, hər dəfə qiymət dəyişəndə bakordlar da dəyişməli olacaqdı. Bu da maliyyə itkisinə gətirib çıxarardı. Bundan əlavə, barkodlar vasitəsi ilə mağaza vitrinlərində qalan məhsulların sayını da müəyyənləşdirmək mümkündür.

    Bir halda ki, barkod hər kəs üçün – həm ticarət nöqtələri və həm də istehlakçılar üçün bu qədər faydalıdırsa bunun faydalılığından perakende.az-ın loqosunda istifadə etmək məncə yerinə düşərdi deyə fikirləşdim. Əslində bunun başlıca səbəbi perakende.az-ın da eyni ilə, barkod kimi insanlara faydalılığını təmin etməkdir. Necə ki, barkodlar özlərində maraqlı və vacib məlumatları toplayırlar, “perakende.az” komandası da pərakəndə bazarda baş verən maraqlı və önəmli məlumatları toplayaraq, ictimaiyyətlə paylaşacaqdır. Buradakı açıqlamamın bir ucu da əslində barkod etiketini əhatə etmiş əl çantasının da açıqlamasını vermiş oldum. Belə ki, iş adamları hər zaman ən dəyərli məlumatları məhz iş çantalarında toplamışlar və bu trend günümüzdə də davam edir. Bu ya elektron halda “notebook”lar da, yada ki, ənənəvi kağız üzərində yazılmış sənədlərdə toplanaraq, hər zaman iş adamlarının yanında olur. İnanıram ki, perakende.az komandası də əldə etdiyi ən dəyərli məlumatları öz izləyiciləri ilə paylaşmaqla, öz vəzifəsinin öhdəsindən gələcəkdir.

Perakende.az-ın üzərində olan rəqəmlərin açıqlaması

İstənilən barkodun ilk 3 rəqəmi, həmin məhsulun aid olduğu ölkənin ünvanını bildirən koddur. Bu identifikasiya istehsalçıların, idxalçıların, ixracatçıların, ekspeditorların, topdan və pərakəndə ticarətçilərin məlumat mübadiləsi apardığı vahid bir dilin – identifikasiya nömrələri sisteminin köməyi ilə həyata keçirilir. Məhz elə buna görə də hər ölkə ona təhkim edilmiş kodla bazarlara məhsul ixrac edir, ya da idxal edirlər. Azərbaycanın da beynəlxalq aləmdə, rəqəmli identifikasiya sistemində istifadə etdiyi kod 476 ilə başlayır.

Bizim də perakende.az – ın loqosunda girişdə 476 kodundan istifadə etməyimiz də məhz buna dayanır. Geridə qalan rəqəmlər isə “perakende” sözündə istifadə edilən hərflərin, əlifbadakı sıra saylarıdır. Qısası “perakende” adının rəqəmlərlə kodlaşmış adı və izahıdır. Son rebrendinq layihəm haqqında da bu qədər. Ümid edirəm ki, məqaləm sizlər üçün faydalı oldu.

Sizin marketinq bələdçiniz…

(263 dəfə baxılıb)