Hər dəfə çalışıram ki, bloqumu izləyənləri maraqlı məqalələrlə tanış edim. Bu dəfə də maraqlı məqamları olan bir mövzuya toxunmuşam. Əksəriyyətimiz müxtəlif zamanlarda və vaxtlarda bəyəndiyimiz ticarət mərkəzlərinə getməyi və orada vaxt keçirtməyi sevirik. Təbii ki, bəzilərimiz də bu məkanlarda alış – veriş etməkdən, təqdim olunan endirimlərdən də yararlanmağa çalışırıq. Mağazaları gəzərkən, satıcılar maraqlandığımız məhsulları bəyəndirmək üçün bəzən, qulağa xoş gələn ifadələri işlədirlər. Ən çox eşitdiyimiz və ən çox işlədilən isə əksər hallarda “Premium Class” sözüdür. Bəs yaxşı, satıcılar bu sözü niyə işlədirlər? Onlar bu ifadələri bilərəkdən mi, yoxsa bilməyərəkdən mi işlədirlər? Buna görə də bu barədə məqalə yazmaq qərarına gəldim. Baxaq görək məhsul qrup və kateqoriyalarına görə sinifləndirmə hansı şəkildə aparılır?

Məhsul və ya xidmətlərə görə sinifləndirmələr (klasslar) aşağıdakı kimidir:

  1. Ekonom – sinif (Econom Class)

Keyfiyyəti yüksək olmayan məhsullar, bu tip məhsullar adətən aşağı qiymətə və cəmiyyətin də əksər təbəqələri tərəfindən qəbul edilən keyfiyyətdə və qiymətdə olurlar. Bu sinif məhsulların satışları ilə bir çox hallarda peşəkarlar məşğul olmurlar. Bu sinifdən olan məhsulların satışlarını istənilən fərd həyata keçirdə bilər. Ona görə ki, bu sinifdən olan məhsulların satışları ilə məşğul olmaq üçün peşəkar satış meneceri olmağa ehtiyac yoxdur.

Misal: Məhəllə içi kiçik həcmli marketlər, meyvə – tərəvəz satışı, müxtəlif növ xırda məişət mallarının satışı və s.

  1. Orta sinif (Medium Class)

Kütləvi istehlak məhsulları. Bu sinifdə orta gəlirli təbəqə daha aktivdir. Bu sinifdə olanlar öz gəlirlərinə uyğun keyfiyyətli məhsul əldə etməyə çalışırlar. Onlar məhsulun dəyərindən artıq pul ödəmək istəmirlər. Orta sinif üçün önəmli olan marka yox, məhsulun keyfiyyətidir.

Misal: Ən çox supermarketlərdəki alış-verişlər zamanı rastlaşılır, beləki alıcıların əksəriyyəti marka adından da çox məhsulun keyfiyyət göstəriciləri ilə daha yaxından maraqlanırlar, bura istehlak müddəti, istehsal tarixləri, istehsalçı ölkələr və s. kimi faktorlarla ciddi maraqlanırlar. Səbəbsə, alınan məhsulların qida məhsulu olmasıdır.

Bu sinifə xidmət göstərən satıcılar da peşəkar hesab olunmurlar, onlar işlədikləri marketlərdə iştirak etdikləri təlimlərdən əldə etdikləri ilə davranırlar, ancaq bir çox hallarda kənarlaşmalar da olur. Belə ki, bu kateqoriyadan olan satıcıların özlərinin şəxsi satış qaydaları və bu qaydalara uyğunda satış planları vardır.

  1. Premium sinif (Premium Class)

Bu sinifdə isə tanınmış markalar daha aktualdırlar. Burada məhsulun keyfiyyətindən də çox, markanın imici ön planda olan məsələdir. Bu sinifdən olan istehlakçılar, aldıqları məhsulun tanınmış brendlərdən olmasına görə pul xərcləyirlər. Qısası onlar üçün brend adı prioritetdir. Bu sinif üçün nəzərdə tutulan məhsulların mövqelənməsinə və bazarda irəliləməsinə, şirkətlər kifayət qədər pul xərcləyirlər.

Bahalı sinif hesab olunsa da…adını belə pəh – pəhlə tələffüz etməyi sevdiyimiz “Premium klass” doğrudan mı, lyuks sinif hesab olunur?

Mən, “yox” cavabını yazmalı olacam. Yəni ki, premium sinifə aid olan məhsullar oliqarxlara, yəni zənginliyi pikdə olan sinif (klass) hesab edilmirlər.

Mütəxəsisslər buna “orta sinif məhsulların yaxşılaşdırılması” kimi dəyərləndirirlər.

Misal: Hugo Boss, Calvin Klein, Gucci, Dolce & Gabbana, Rado, Longines və s. bunlar hamısı – premium klassa aiddirlər.

Nəqliyyat vasitələrindən: Nissan Patrol, Toyota Camry, Prado və s. bunlar da premium sinifə aiddirlər.

  1. Lyuks sinif (Lux Class)

Həəə, bax burda artıq adından da göründüyü kimi lyuks mallardan, bahalı mallardan danışa bilərik. Bu sinifə (Lux Class) birmənalı olaraq çox zəngin insanların aid olduğu sinifdir.

Bu sinifdən olan müştərilərə xüsusi xidmət göstərilir. Xidmətləri də məhz peşəkar satış menecerləri, peşəkar konsultantlar icra edirlər. Bu sinifə xidmət göstərən mütəxəsislər, xüsusi kurslara göndərilərək milyonçu müştərilər üçün hazırlaşdırılırlar. Adətən bu sinifdən olanlar məkana daxil olanda bunlara daha özəl bir xidmət təşkil olunur. Hətta elə elit mağazalar vardır ki, sırf bu sinifdən olan müştərilərin rahatlığı üçün geyim və ya zərgər mağazalarının içərisində xüsusi kabinetlər də hazırlayıblar ki, müştərilər öz seçimlərini daha sakit şəkildə edə bilsinlər.

Misal: Lamborcini, Ferrari, Bentli, Rolls Roys və s. lyuks klassa aid olan nəqliyyat vasitələrindən hesab olunurlar.

Cib və qol saatları: Parmigiani Fleurier Fibonacci, Cartier Secret Watch with Phoenix, Piaget Emperador Temple və s. lyuks klass saatlardır. Bunların dəyərləri milyon dollarlarla ölçülür.

  1. De Lyuks (Deluxe Class)

Eksklyuziv məhsullar sinifi. Bu sinifdən olan məhsullar az sayda istehsal olunur. Hətta dəyərli tarixi əsərlər, rəsm və heykəl işləri və s. bunlar da “De Lux” sinifindən hesab edilirlər. Kolleksionerlərin yığmağa çalışdıqları nadir məhsulları da bu sinifə aid etmək olar.

Bundan əlavə, elə tanınmış sənətkarlar vardır ki, onlar nadir sənət əsərləri yaradaraq, çox baha qiymətə satışa çıxarda bilirlər. Buna başlıca iki səbəb var.

  • Eksklyuziv məhsullara həftələrlə, aylarla, illərlə vaxt sərf olunur.
  • Bu tip məhsullar sırf müştərinin istək və tələbləri üzərində istehsal olunur.

             Elə buna görə də bu sinifin məhsulları da son dərəcə bahalı qiymətlərlə bazarlara təklif olunur.

Misal: Pol Qoqen adlı rəssamın, 1892 ci ildə çəkmiş olduğu “Toy nə vaxtdır?” rəsm əsəri 2015-ci ildə nə az, nə çox 300. 000. 000 $ satılmışdır. Bu cür məhsullar “Delux Class” hesab olunur.

Xüsusi qeyd: Siniflər, zəncirlərdə mövcud olan brendlər haqqında fikir və təəssüratlar yaradaraq, məhsul və ya xidmətlər haqqında müştərilərdə dolğun informasiyanın formalaşmasına və imkanına görə seçim edə bilməsi üçün bu şəkildə siniflərə bölünmüşdür.

Maraq göstərib, məqaləmi oxuduğunuz üçün sizə minnətdaram.

Sizin marketinq bələdçiniz…

(285 dəfə baxılıb)