Öyrədici marketinq nədir? (Educational Marketing)

0
154

    Satışlarda problemləriniz var? Ya, yayımladığınız reklamlar effekt vermir? Bəs yaxşı, siz bütün bu problemlərin fonunda istehlakçılarınızı öyrətmək barəsində bir dəfə də olsa düşünmüsünüz mü? Belə bir şey fikirinizdən keçməyibsə, məncə bu haqqda düşünün və problemlərinizi rahatlıqla həll edin.

Filip Kotler deyir: “ Məhsulların istehlakı ilə yaranmış problemlərin həlli, sizin istehlakçılara olan münasibətinizdən çox asılıdır. İstehlakçılarla münasibətlərin qurulmasında əvəzsiz rolu olan reklamlar və reklam metodları isə son zamanlar açıq şəkildə effketivlik baxımından faydalı hesab olunmur”.

     Filip Kotlerin bu yanaşmasını nəzərdən keçirtsək, belə qənaətə gəlmək olar ki, son zamanlar reklamlardan istifadə edən şirkətlər, reklamların effektsizliyindən narazılıq edirlər. Buna iki səbəb var. Birinci səbəb – reklam strategiyasının düzgün hazırlanmaması. İkinci səbəb –  istehlakçılara təqdim olunan məhsulların istifadəsi haqqında, olan məlumat qıtlığı. Məhz belə məqamda öyrədici marketinq strategiyasına ehtiyac yaranır. Ölkəmizdə bir çox şirkətlər təəssüf ki, bu növ marketinq strategiyasından hələ də yararlanmırlar.

Şikayətlər əksər hallarda aşağıdakılardır:

  • Reklamın effektivliyi hiss edilmir
  • Reklam vasitəsi ilə müraciət edənlərin sayı azdır
  • Şirkət və məhsullar haqqında olan məlumat çox zəifdir
  • Baxmayaraq ki, reklam xərclərini artırmışıq. Ancaq rentabellik baxımından zərərlidir və s.

   Bəs bu hadisələr niyə baş verir? Görəsən F.Kotler fikirlərində haqlıdır mı? Deyəsən haqlıdır. Belə ki, Beynəlxalq reklam assosasiyasının araşdırmalarının nəticəsinə görə 2000-ci ildən bu günə, ənənəvi reklam metodlarına, dünya əhalisinin 72,5% neqativ yanaşır. Yaxın qonşumuz Rusiyada isə ölkə əhalisinin 68,6 % ənənəvi reklam metodlarına neqativ yanaşırlar. Təəssüf ki, öz ölkəmiz haqqında statistika olmadığından yaza bilmədim.

Bəs, ənənəvi reklam bazarında baş verən bu böhranlara səbəb nələrdir?

  Mütəxsislərə görə böhrana səbəb olan problemlərin başında, bazarın həddən artıq yüklənməsi, məhsul kateqoriyaları arasında assortiment çoxluğu və bir çox hallarda da məhsul kateqoriyaları arasında olan bənzərliklər və s.

    Ənənəvi reklam metodlarına neqativlər formalaşmazdan əvvəl, reklamçılar psixoloji fərqliliklərlə istehlakçılara təsir edirdilərsə, indi bunu bir çox hallarda edə bilmirlər. Bilirsiniz niyə? Çox bəsit, ona görə ki, onlar artıq reklamlar arsında fərq hiss edə bilmirlər, hiss etdikləri isə bir şeydir. Bizim onlara mal satmağa çalışdığımızı görmələri, vəssalam.

     Və sonuncu, istehlakçıları o qədər yormuşuq ki, artıq onlar özlərinə qarşı real qayğı və diqqət istəyirlər. Məncə də haqlıdırlar. Baxın, bu dəyərləri hiss etdirə bilən tərəf hər zaman rəqiblərindən öndə olacaqdır. Unutmayaq ki, biz istehlakçı marketinqi erasındayıq. Öyrədici marketinq strategiyası məhz bu mərhələdə daha effektiv olur. Məqalənin də maraqlı yeri elə bundan sonra başlayır. Başlayaq.

Öyrədici marketinq nədir? ( Educational Marketing)

    Bizləri istehlakçılarımızla yaxınlaşdıra biləcək və onlarla korlanmış münasibətlərimizi qaydasına qoya biləcək tək marketinq strategiyası.

       Yəqin ki, zamanla internetdə dünya ölkələrində qəbul olunmuş məzəli və ağıla sığmaz qanunlar və qaydalar haqqında məlumat alırsınız. Baxın, bütün bunlar hamısı öyrədici marketinqdən istifadə edən şirkətlərin fəaliyyəti nəticəsində aşikara çıxır.

      Reallıq isə budur ki, zamanla bazara buraxılan məhsullar və xüsusilə də texnoloji sahəsində olan malların istifadəsi getdikcə çətinləşir və ya istehlakçı üçün tamamilə yad bir məhsuldur. Bəzən olur ki, belə hallarda məhsuldan necə istfadə edəcəyimizi belə bilmirik. Məhz buradan məhsul haqqında nəsə bir təlimat almağa və ya məhsul haqqında haradansa və kimdənsə məlumat əldə etməyə çalışırıq.

       Bazara ilk dəfə mikrodalğalı peç və paltaryuyan maşınlar buraxılanda, istehsalçılar bu məhsulların istehslakçılara olan fayadlı tərəfləri haqqında yox, məhz bu məhsullardan necə istifadə olunmalıdır üsullarını öyrətməyə başladılar. Ona görə ki, bu cürə məhsullarda fayda onun istifadəsindən sonra hiss olunur.

   Yaxud da Sovet dönəmini yada salaq, Sovet Respublikalarında yaşayan qadınlar demək olar ki, kosmetik məhsullardan düzgün istifadə edə bilmirdilər. Kim necə gəldi, o cürə də istifadə edirdi və bu da o dövr üçün normal hesab olunurdu. Elə ki, Sovet ittifaqı dağıldı, inkişaf etmiş kosmetika şirkətlərinin təsiri ilə qısa bir müddət ərzində qadınlar arasında kosmetik ləvazimatlardan istifadə qaydaları tamamilə dəyişdi. Ona görə ki, kosmetika şirkətləri, məhz öyrədici marketinq strategiyası səyləri nəticəsində, qadınların kosmetikadan istifadə qaydalarına təsir edərək, bu bazarın müsbətə doğru inkişafına nail oldular. Belə ki, kosmetikadan istifadə qaydalarını öyrədərək, onlara öz məhsullarından daha çox istehlak etmələrinə nail oldular. Öyərdici marketinqin gücü budur.

       Bəzən elə gülməli instruksiyalara rast gəlirik ki, gülməkdən özümüzü saxlaya bilmirik. Bizə gülməli gələ bilər. Bəs aranızdan nə qədər adam, məhsulların üzərində yazılmış gülməli istifadə qaydalarının səbəblərini araşdırıb? Sizlərlə bunun sabəbləri haqqında yazmaq istəyirəm. Təbii ki, misallarla.

       Əziz dostlar, belə gülməli qaydaların yazılmasına səbəb bir çox hallarda istehlakçıların davranışları olmuşdur.

Misal1: McDonald`s dan kofe alan bir xanım, bir təsadüf nəticəsində əlini yandırır. Əli yanan qadın vaxt itirmədən McDonald`s şirkətini məhkəməyə verir. Məhkəmə isə istehlakçının lehinə qərar verərək, şirkəti 1. 000. 000. Dollar cərimələyir. Məhz elə o dövrdən bu günə McDonald`s da satılan kofe stəkanlarının üzərində, “Ehtiyatlı olun, kofe istidir” yazılır.

Misal2: İtini çimizdirən qadın, iti qurutmaq üçün mikrodalğalı peçin içinə qoyur və elə olur ki, itin peçdə olmasını unudur. Xatırlayanda isə artıq gec olur. Ona görə ki, artıq it peçdə bişərək ölmüşdü. Qadın həmin mikrodalğalı peçi istehsal edən şirkəti məhkəməyə verir ki, peçin üzərində iti qurutmaq olmaz işarəsi yoxdur. Məhkəmə bu dəfə də istehlakçının lehinə qərar veərərək, həmin şirkəti bir neçə milyon dollar cərimələyir. Bu hadisədən sonra, zavod mikrodalğalı peçlərin üzərində iti qurutmaq olmaz işarəsi qoyur.

      Belə qanunlar adətən ABŞ da daha geniş yayılmışdır. Yəqin ki, gülməli qaydaların yazılma səbəbini anladınız. Səbəb odur ki, şirkətlər istehlakçılar tərəfindən məhkəmələrə verilərək, təzminat ödəmək istəmirlər.

ABŞ da qeydə alınan gülməli təlimatlardan bir neçəsini sizlərlə paylaşmaq istəyirəm.

  • “Sears” fen sitehsalçısı “ fendən yuxuda istifadə etməyin”.
  • “Rowenta” ütü istehsalçısı “Paltarı əyninizdə ütüləməyin”
  • Mikrodalğalı peçdə qızdırlan yemək isti olur.
  • Supermen uşaq kostyumunun qutusu üzərində “Kostyum sizə uçmaq imkanı vermir”

   Bir sözlə, öyrədici marketinq (educational marketing) strategiyasından istifadə edən şirkətlər öz müştərilərinə məhsullarından düzgün istifadə qaydalarını öyrədirlər. Belə bir yanaşma isə istehlakçılarla daha möhkəm marketinq kommunikasiyalarının qurulmasına yol açır. Bu isə bir başa satışların artışı deməkdir.

Başqa bir misal:

Misal1: Tutaq ki, siz kompüter satışı ilə məşğulsunuz. Satışlarınız isə ürək açan deyil. Sizcə nə etməli? Mən deyim, yaxşı olardı ki, kompüter satışı zamanı, müştərilərə 10 saatlıq, kompüterdən pulsuz istifadə qaydaları kursu elan edəsiniz. Mənə görə effekt verər.

Misal2: Fotoaparat satırsınızsa, öz istehlakçılarınıza fotoaparatdan istifadə qaydalarını, fotoçəkilişlərdən sonra yaddaş kartından kompüterə şəkillərin köçürülmə qaydalarını öyrədin.

Misal3: Apteklərdən hər hansı bir dərman pereparatı aldığımız zaman, məhsulun istifadə qaydaları haqqında yəqin ki, bir çoxlarınız, əczaçıya suallar vermisiniz və o da əvəzində sizə hər şeyi qaydası ilə izah edir. Baxın bu da öyrədici marketinqdir.

    Öyrədici marketinq (Educational Marketing) strategiyasının tətbiqində əsas məqsəd, müştərilərlə effektiv əlaqələrin qurulması və onlara yönəlik loyallıq proqramlarını işləyib tətbiq etməkdir. Bunun da nəticəsi olaraq, həm reklamların effektivliyini, həm də satışları artırmaq mümkündür.

Sizin marketinq bələdçiniz…

(204 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here