Çörəyi ver çörəkçiyə, birini də üstəlik

0
56

       Zamanla çalışıram ki, marketinq təcrübəmdə görmüş olduğum işlər haqqında məqalələr paylaşım. Kimlərə görəsə keçmişi və keçmişdə gördüyü işlər maraqsız hesab olunur. Olsun da nə deyirəm ki, hər kəsin özünə görə həyat tərzi və ya həyata baxış bucağı var və bizə də düşən, insanların baxışlarına hörmətlə yanaşmaqdır.

      Ancaq keçmişim və keçmişdə gördüyüm işlər, təcrübədə yaşadıqlarım və başıma gələnlər, mənim üçün dəyərlidir. Bura keçmişdə buraxdığım səhvlər və bu səhvlərdən qazandığım təcrübə də daxildir. Unutmayaq ki, keçmişdə yaşananlarla, ölkələrin, xalqların, coğrafiyaların, şəxsiyyətlərin həyat tarixləri formalaşır. Necə deyərlər, mənim də belə bir fəaliyyət tarixim vardır.

     Bir neçə il əvvəl Avrora firmasında marketinq menecer vəzifəsində çalışırdım. Demək olar ki, ən çox məhsul çeşidləri olan şöbələrdən biri məndə idi. Hətta, mənə bəzən zarafatla 1001 xırdavat şöbəsinin müdiri də deyirdilər. O ərəfələrdə mən həm idxal olunan və  həm də istehsal olunan yerli məhsullara görə məsul idim. Öhdəliyimdə olan istehsal xəttləri, peçenye, biskvit və çörək idi. Bu dəfəki məqaləmdə, çörək istehsalı ilə bağlı yaşamış olduğum təcrübəmi paylaşacam.

     Bəlkə də xatırlayarsınız, bir vaxtlar şəbəkə marketlərdə “Müller” çörəkləri satılırdı. Çörəyimiz o vaxt bazarda satışda mövcud olan, bahalı çörəklərdən hesab olunurdu. Qiymətinə görə çox da yayıla bilmirdik. Məqalədə çeşidlərdən yox, sonradan yaranmış problemlər və bu problemlərin həlli istiqamətində görülən işlər haqqında yazacam.

            Qeyd edim ki, çörək elə də böyük olmayan istehsalat sexində istehsal olunurdu. Yəni, kütləvi istehsal deyildi. Satış hansı çeşidin sifarişini gətirirdisə, həmin çörəkləri də istehsal edirdilər.

Bəs problem nədə idi?

        Bir dəfə satış nümayəndələri, çörək paketlərinin buxarlandığını və bunun da təsirindən, çörəyin islanmasından şikayət etdilər. Bir sözlə, çörək marketlərə çatdırılana qədər tam islanırdı. Bu da müştəri ilə problemləri qaçılmaz edirdi.

Problemi müəyyən etmək üçün kimlər cəlb olundu və nədən başladıq?

            Necə deyərlər, istehsalat, texniki şöbə, keyfiyyət şöbəsi, laboratoriya və mən keçdik istintaqa. Əvvəlcə elə güman edirdik ki, çörəyin buxarlanmasına səbəb, qabalaşdırmadı. Bir müddət sonra, sınaq olaraq xırda deşikli paketlərdən istifadə edəsi olduq. Fikirləşdik ki, deşiklər vasitəsi ilə çörəyin havalanmasını təmin etməklə, buxarlanmanın qarşısını ala bilərik. Ancaq ilkin ehtimalımız və planımız özünü doğrultmadı. Məlum oldu ki, qablaşmanın deşikli olması buxarlanmanın və islanmanın qarşısını almır.

Problemi və həllini necə tapdıq?

             İstintaqımızı davam etdirəsi olduq və ikinci cəhdimiz bizi demək olar ki, doğru istiqamətə yönəltdi. Çörək çox kövrək məhsuldur. Çörək istehsalında belə bir ardıcıllıq var. Belə ki, bişib sobadan çıxdıqdan sonra, çörək soyudulur. Günümüzdə, müasir avadanlıqlarda istehsal olunan çörəklər, elə bişirildiyi xəttdə, sobadan bir başa soyutma xəttindən keçir və qablaşdırmaya ötürülür. Çörək tam soyudulmazsa, xəmirləşmə başlayır və çörək öz keyfiyyətini itirir. Siz də əgər belə bir halla rastlaşsanız, bilin ki, çörəyin soyudulması prosedurlarında qüsurlar və xətalar var.

         4 il əvvəl, bizdə də belə avadanlıqlar olmadığından, manual qaydada soyudulurdu. Yəni soyutma sexində iri mühərriklərdən istifadə edilirdi. Bizdə proses belə idi, çörək sobadan çıxarılırdı və işçilərin vasitəsi ilə xüsusi rəfli arabalarda, soyutma sexinə ötürülürdü. Necə deyərlər, problemin çözülməsində məhz bu prosedur köməyimizə çatdı. Bir neçə günlük araşdırmadan sonra məlum oldu ki, çörəklər soyutma zamanı, tam soyumurmuş, yəni mühərriklərin gücü tam soyutmaya çatmırmış. Buna da səbəb olan bir amil var idi. Deməli, çörək sifarişləri az olanda, buxarlanma və islanma kimi problemləri olmurdu. Çörək sifarişləri artanda isə, mühərriklər çörəkləri tam soyuda bilmirdilər.

        Daha sonra laboratoriyadan verilən cavab da, soyutmadan sonra, çörəyin daxilində +5° istilik qaldığını və bunun da təsirindən, çörəkdə buxarlanma qaçılmaz olurmuş. Soyutma sexində, texniki şöbə mühərriklərin sayını artırmaqla, çörəyin tam soyudulmasına nail oldular və ondan sonra çörəyimizdə heç bir problem olmadı. Problemin həlli ilə, müştəri narazılıqlarının da qarşısını almış olduq.

        P.s – Hazırda bu çörəklər istehsal edilmir. Əvvəllər, yeni çörək xəttinin alınması ilə bağlı layihə işlənilsə də, dərin bazar araşdırması ilə müəyyən olundu ki, bazara daha iri istehsalçıların girişi gözlənilir və bu da ciddi mənada bizim işlərə sonradan öz təsirlərini göstərə bilərdi. Daha sonra isə başqa istehsal kompleksinin layihəsi ilə bağlı, sexin fəaliyyətinin durdurulmasına qərar verildi.

“Müller” çörəkləri ilə yaşadığım təcrübə mənə çox şeyi öyrətdi. Bu gözəl məhsul hazırda mövcud olmasa da, mənim çox şey öyrənməyimə səbəb oldu. Ümumiyyətlə mənə görə, istənilən istehsal sahəsində qazanılan təcrübə əvəzsizdir. Çalışın ki, yolunuz istehsalatdan keçsin.

Sizin marketinq bələdçiniz…

 

(130 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here