Bu bir neçə gündə korporativ üslubla bağlı çox qəribə bir hal ilə rastlaşdım. Elə ona görə də qərara gəldim ki, bunu məqalə şəkilində sizlərlə paylaşım. Bu məqalə həm marketerlərə, həm də dizaynerlərə aiddir. Ancaq bir qədər – (identica) haqqında fikirlərimi yazmaq istəyirəm. Ümumi götürsək bir neçə markanın identikasının hazırlanması istiqamətində ortalama 3-4 illik peşəkar təcrübəm var.

İdentica – nədir?

Brendinq strategiyasının əsas hissələrindən biridir. İdentica – bunu bir çox hallarda (firma üslubu, korporativ stil, brand ID, corporate ID adlandırırlar) – bu brendin vizual tərkib hissəsidir. İdentica – loqotipdən tutmuş və firmanın istifadəsi üçün nəzərdə tutulan hər şeydə özünü əks etdirir.

İdentica – firmaya nə verir?

Strategiyada nəzərdə tutulduğu şəkildə hazırlanmış firma üslubları, istehlakçılarda etibarlılıq, güvən və həmin firma ilə daha sıx əməkdaşlıq üçün yollar açır. Şirkət  firma üslubu ilə, eyni zamanda da cəmiyyətdə və xüsusən də firmanın öz hədəf kütlələri arasında inkişaf etməkdə olan və dinamik bir şirkət formulunu da ortaya qoymuş olur. Başqa bir tərəfdənsə, identica – şirkətin həm zamanını, həm xərclərini də azaltmış olur. Qənaət ancaq və ancaq, vahid firma üslubu olduğu halda mümkündür.

İdentica – ən böyük təsiri

Firmanın strategiyasına uyğun, savadlı şəkildə hazırlanmış firma üslubları, rəqabətli bazarda da öz təsirlərini açıq şəkildə büruzə verən marketinq alətlərindəndir desəm, yalan olmaz.

Firma üslubunun üstünlükləri

  • Firmanın məhsulunu və ya xidmətini, istehlakçıların tez tapmasına kömək edir;
  • Firma üslubu ilə hazırlanmış məhsullar bazara daha rahat daxil ola bilir;
  • Firma əməkdaşları arasında komanda ruhunun formalaşmasına təsir edir;
  • Marketinq kommunikasiyalarının effektivliyini artırır;

Firma üslubu hazırlanan zaman, marketinq mütəxəsisinin rəyi, brifi mütləq qaydada nəzərə alınmalıdır. Əks halda, hazırlanmış və görülmüş bütün işlər, dizanyerlərin fikir və mövqelərini nəzərə almadıqları marketinq mütəxisisi tərəfindən işə yaramaz hala salına bilər.

Firma üslublarına müdaxilələr nə zaman baş verir və fəsadları nələr ola bilər?

Öz yerli bazarımızın cari vəziyyətini nəzərə alsaq, firma üslubu olan şirkətlərdə, korporativ stilə ən çox müdaxilə edən tərəf, elə şirkətlərin öz dizaynerləri olur. Onlar yerli yersiz loqoya, loqonun rənginə zamanla müdaxilələr edirlər ki, davamlı olan müdaxilələrin sonunda isə daha ağır nəticələr durur. Nəticə olaraq isə, şirkət rebrendinqə getmək məcburiyyətində qalır. Ay yoldaş dizayner, bu interyer dizaynı deyil ki, sən istədiyin zaman müdaxilə edəsən. Qlobal brendlər belə heç bir şəkildə, zövqə görə loqonun rəngini və ya formatını dəyişmir. Bu belə də olmalıdır. Axı, bu firmanın üslubudur, bunun arxasında böyük bir strategiya durur. Rənglər, xüsusi şriftlər, xüsusi qrafika və s. dünya aləm əziyyət durur. Bundan başqa, şirkətin ATL, BTL hədəflər durur, şirkətin istehlakçılarının nəzərə aldığı davranışlar durur. Əgər müdaxilə etmək istəyirsənsə, marketinq menecerə müraciət edin, fikirlərinizi açıq şəkildə izah edin, marketerin qərarı nə olarsa və necə olarsa, o cürə də davranın. Özünüzdən iş çıxartmayın.  Məsələnin başqa bir tərəfidə var. Bu marketinq mütəxəsislərinin yol verdikləri boşluqlardır. Marketinq menecerlər dizaynerlərin belə əməllərinə göz yummaqla, şirkətin firma üslubuna zərər vurmağa başlayırlar. Firma üslubuna müdaxilələrin təsirlərini isə bazarda ilk hiss edən isə, hər bir şirkət üçün dəyərli olan istehlakçılar olur. Sizə bu boyda həngamə lazımdır?

Hörmətli dizaynerlər siz icraçısınız, nə şirkətin satışına, nə inkişafına, nədə ki, gəlirlərinə görə məsul şəxslər deyilsiniz. Üzərinizə düşəni edin. Səlahiyyətlərinizə aid olmayan işlərə də müdaxilə etməyin. Eyni zamanda da, hörmətli marketerlər, əgər əlinizin altında firma üslubu varsa və şirkətidə bu üsluba uyğun mövqeləndirməyə çalışırsınızsa, onda bu işlərin icra olunmasında, dizayner tərəfindən firma üslubuna oluna biləcək cüzi müdaxilələrə imkan verməyin.

Dizyaner yaxşı iş görə bilər, kreativ bir fikiri ola bilər. Ancaq zamanında hazırlanmış firma üslubuna, sonradan müdaxilə etməsi düzgün bir şey deyil. Kreativ fikirlərdən yararlanmaq hər zaman işə yarayır. Ancaq elə hallar da vardır ki, müdaxilələr həm yersiz ola bilər, həm də faydasız. Ona görə də, məsul olmadığınız işlərə görə, başqalarını pis vəziyyətə salmayın. Faydalı olmaq ümidi ilə.

Sizin marketinq bələdçiniz…

(189 dəfə baxılıb)