Şəbəkə marketinqinə aid yeni məqaləm. Kripto valyuta və ya bitcoin nədir? (1-ci yazım)

0
938

İki devalvasiyanın təsirindən yaranmış böhran, paralel olaraq məmləkətə xaricdə kök salmış bir sıra təşkilatları da cəlb etməyə başlamışdır. Ümumiyyətlə götürsək yaşadığımız böhran ölkəmizdə bir ilk deyil. Yaxın tariximizi nəzərdən keçirtsək ölkədə baş verən böhranlar zamanı ortaya hər hansı bir maliyyə maxinasiyaları törədən tərəflərin də çıxdığının şahidi olmuşuq. Burada əsas diqqəti bir şeyə yönəltmək istəyirəm, bu əsasən ölkədə işsizlik və əhalinin maddi sıxıntılar yaşadığı dönəmlərə təsadüf etmişdir. Vahid bank, Günay bank, pul qarşılığında muncuq düzmələr və s. Banklar əhaliyə təklif edirdilər ki, nə yatırtsan bir neçə ayda həmin məbləğ ən azı iki qat artacaqdır. İlkin dönəmlərdə banklar sözlərini tutdular. Ancaq eləki kütləvi müraciətlər və pul yatırımları artdı, banklar ciddi maliyyə vəsaitlərini topladıqdan sonra ölkəni tərk etdilər və əhali Sovet dönəmindən yığdıqları əmanətləri də beləcə itirdilər. Keçək muncuq məsələsinə. Bakını birdən birə bu məsələ öz əlinə aldı. Belə ki, müyyən sayda muncuq və bu muncuqları ipə düzmək üçün dəqiq yadımda deyil, deyəsən 3 gün vaxt verilirdi. Diqqət edin bu elə belə baş vermirdi. Muncuğu əldə etmək üçün müəyyən məbləğdə pul ödənməli idi, bu bir növ pul depoziti idi. Əgər 3 gün ərzində muncuq düzülməsə idi, əvvəlcədən qoyulan depozit keçirdi qarşı tərəfin hesabına və muncuq alan tərəflər 99% uduzan tərəf olurdular. Beləliklə də ölkəmizdə  maliyyə maxinasiyaları üzərində növbəti dələduzluq ortaya çıxmışdı. O vaxt artan narazılıqlar nəticəsində bu məsələ qabardılan ərəfədə bu işi ortaya çıxardanlar necə oldusa bir anın içərisində buxarlandılar və on minlərlə vətəndaşımız beləcə aldadıldı və növbəti dəfə müflisləşdilər. Yaxın keçmişimizdə baş verən hadisələri yazmağım əslində səbəbsiz deyildir. Bu dəfəki məqaləmi də şəbəkə marketinqi ilə bağlı olan bir məsələyə yönəltmək istəyirəm. Əslində bloqumda bir neçə dəfə şəbəkə marketinqi, onun faydaları və mənfi cəhətləri haqqında məqalələr yazmışam və şəbəkə marketinqinə aid yazdığım son məqalə, bir zaman kükrəyən “Weecomi”yə aid idi. Uğursuzluğunu əvvəlcədən proqnozlaşdırsam da, bu şəbəkəyə qoşulan tanışlar və dostlar mənə yox, bu işi burada quranlara etibar etdilər. Faktlar isə göz qabağındadır. Artıq “Weecomi” deyilən bir şirkət artıq yoxdur demək olar. Özündən geridə isə aldanmış və qarşılıqsız pul vəsaiti xərcləmiş gənclərimiz qaldı. Ümid edirəm ki, bu onlara ciddi mənada dərs olacaqdır.

   Bilmirəm qismətdi, taledi, nədisə? Bu şəbəkə məsələsi məndən əl çəkmir. Nə mən ondan əl çəkirəm, nədəki o məndən. Bu dəfə də ölkəmizə bu yaxınlarda qədəm qoymuş şəbəkə biznesi ilə məşğul olan bir təşkilat haqqında yazmaq qərarına gəldim. Ancaq əvvəlcə bir neçə cümlə yazmağı özümə birc bilirəm. Mən şəbəkə marketinqinin əleyhinə olan bir adam deyiləm və qəti şəkildədə bu işlə məşğul olan vətəndaşlarımıza qarşıda bir qəsdi qərəzliyim yoxdur. Ancaq bu şəbəkə marketinqi ilə 2005-ci ildən bu yana tanışam. Bir müddətdə bilərəkdən bu işlə məşğul olan və bilərəkdən də pul xərcləyən biri kimi, onu deyə bilərəm ki, bu məsələ ölkəmizdə baş tutan deyil. Ona görə ki, bu sektorda peşəkardan çox müəyyən müddət təcrübə yaşayanlar və təcrübələri ilə nələrisə alındırmağa çalışanlar çoxluq təşkil edir. Bu isə “network marketing” metodikasının peşəkar şəkildə tətbiqindən çox uzaqdır. Əksəriyyəti də bu sistemi tam anlamayan və eyni zamanda da asan pullar qazanmaq hərisliyi olanlarla dolu olur. Xüsusən yaşlılar, evdar xanımlar, müəllimlər, həkimlər və s. Əslində pul qazanmaq istəyi hər kəsdə var, buna söz yox. Ancaq baxır necə və hansı yolla? Bax burada Kərəmi sözün əsl mənasında ağlamaq tutur.

Yəqinki son zamanlar kripto valyuta haqqında yarı yalan, yarı gerçək məlumatları əldə etmisiniz və hətta dostlarınız arasından ayda on minlərlə avro qazanacağınıza vədlər verən və sizi bu işə cəlb etmək istəyənlər də vardır. Bəs kripto valyuta haqqında nə qədər məlumatlısınız? Sizə bu işi nə dərəcədə dərindən izah ediblər və ya izah edə biliblər mi? Sözdə asan, ancaq əməldə dolaşıq olan bu sistemi sadəcə kağız, ya löhvə və yaxud da proektorla mı izah ediblər? Kripto valyuta haqqında əldə etdiyim maraqlı məlumatlardan yararalanmaq istəyirsinizsə, onda ikinci yazımı gözləyin.

Sizin marketinq bələdçiniz…

(513 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here