Bu yaxınlarda bir yığıncaqda ölkəmizdə baş verən böhranlarla bağlı fikir mübadilələrimiz oldu. Əsas müzakirə mövzusu Azərbaycanda Holland sindromu idi. Məclis iki cəbhəyə bölünmüşdü. Ölkəmizdə “Holland Sindromu”nun baş verdiyi fikirini qəbul edənlər və bunu qəbul etməyənlər. Müzakirə olunanlar haqqında qərara gəldim ki, bir məqalə yazım. Mən qısa olaraq bildirdiyim fikirləri nəzərinizə çatıdırıram.

Holland sindromu nədir?

Nəzəriyyə deyir ki, “Holland sindromu”— təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü arasında qarşılıqlı əlaqədir.

20-ci əsrin 60-cı illərində Hollandiya təbii qaz satmaqdan böyük məbləğlərdə gəlirlər əldə etməyə başladı və birdə müəyyən müddətdən sonra məlum oldu ki, qeyri-qaz sahələri tənəzzülə uğrayır və qarşısı alınmaz vəziyyət yaranıb. Məhz elə buna görə də buna “Holland sindromu” deyirlər.

Bəs Azərbaycanda Holland sindromu var mı?

Burada sırf öz fikirlərimi bildirməyə çalışacam. Təbii ki, bu fikirimi müzakirələr zamanı bildirəndə mənə istehza ilə baxanlar da oldu, ciddiyə alanlar da və ya ümumiyyətlə bu fikirmlə qəti razılaşmayanlar da oldu. Mənə görə “Holland sindromu” ölkəmizə 1994-cü ildən təşrif buyurmuşdur. Özü də Bakı Ceyhan boru kəməri layihəsi ilə. Elə qısa olaraq geriyə həmin illərə dönüş edək. Müqavilə imzalanan gündən bütün diqqət əsas sərvətimiz olan neftə yönəldi. Təbii hal kimi ölkəmizə böyük gəlirlərin gələcəyi gün kimi aydın idi. Yaxşı yadımdadı ölkədə hələ Sovet dönəmindən aktiv qalan müəssisələr demək olar ki, bir müddət sonra tamamilə bağlandılar. “Holland sindromu”nun əsas əlaməti kimi neft sənayesi xaricində digər sahələr diqqətdən kənar qaldığına görə başqa sahələrin inkişaf perspektivləri azaldı və ya tamamilə hərəkət durdu.

2006 – cı il: Pul nişanlarımızın nominal dəyərlərinin dəyişdirildiyi il..

Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında olan qərara uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Bəs nə baş verdi? Neftdən əldə olunan böyük gəlirlər milli valyutanın məzənnəsini ciddi şəkildə artırdı. Ancaq bu artım təəssüf ki, digər istehsal sahələrimizin rəqabət qabiliyyətini çox zəiflətdi. İqtisadiyyatımızda meydana gələn süni canlanma zamanı kapital qoyuluşları təbii sərvətlərin istismarına və daşınmasına sərf olundu.

Neft bəlası…

Necə oldu ki, qara qızıl birdən birə sürətlə dəyər itirməyə başladı? Bir çoxları elə düşünürlər ki, bu məsələ yaxın 1 ya 2 ildə baş verdi. Xeyr, heç də elə deyil. Sizə bu barədə qısa məlumat verməyi özümə borc bilirəm. Təxminən 40-45 il əvvəl dünyada bir neft böhranı yaşanmışdır. Əslində neft böhranları çox nadir hallarda baş verir. Belə ki, ötən əsrdə 70‐ci illərin əvvəllərində meydana gələn neft böhranında  ABŞ neftin qiymətindəki yüksəlmənin tərəfdarı kimi davranmışdır.

Sual: ABŞ neft qiymətlərinin yüksəlməsində niyə maraqlı davranırdı?

Həmin dövrdə Bretton Woods sistemi çökmək üzrə idi. ABŞ dolları da bu sistemin “əsas pul” funksiyasını yerinə yetirdiyindən dolların gələcək aqibəti sual altına girmişdi. Ona görə də 70‐ci illər üçün dalğalı məzənnə sisteminin keçərli olduğu beynəlxalq valyuta sistemində dolların əsas pul funksiyasını qoruya bilməsinin ən əlverişli yolu neft böhranını yaratmaq və böhrandan istifadə etmək idi. Alındı da. Başqa bir tərəfdən də neft böhranının alovlanmasında o vaxt ABŞ-ın Yaxın Şərq siyasətinə baş əyməyən Səudiyyə Kralı Feysal ibn Abdulazizin 1975-ci ildə baş verən sui-qəsdi də təkan verdi. Səbəb Kral Feysalın İsrailə qarşı tətbiq etdiyi neft embarqosu və 1973-cü ilin 17 Oktyabrında Səudiyyə neftinin dünya bazarından çəkməsi dərin enerji böhranına səbəb olmuşdur. Kral o vaxt ABŞ-da təhsil alan və yenicə ölkəyə qayıtmış qardaşıoğlu Feysal ibn Musaid tərəfindən qətl edildi. Tarix 25 Mart 1975. Neft böhranının dərinləşməsinə səbəb olan əsas hadisələrdən biri. Başqa bir tərəfdənsə ABŞ‐ın əlində çox əhəmiyyətli bir vasitə öz valyutası idi: Neft ödəmələrinin dollarla həyata keçirilməsi. Beləliklə neftin qiymətlərindəki yüksəlmə  neft idxal edən ölkələrin dollara olan tələbini artırdı ki, bu da ABŞ dollarının beynəlxalq valyuta sistemindəki çəkisini qorumaqda bir vasitəyə çevrildi. Bu gün isə ABŞ dolları üçün belə bir problem və ya təhlükə yoxdur. Günümüzdə ABŞ-ın  dünyanın  ən böyük enerji istehlakçısı olmasını nəzərə alsaq bu ölkə neft qiymətlərinin yüksəlməsində əvvəlki kimi maraqlı deyil. Başqa bir tərəfdənsə onu da nəzərə almaq lazımdır ki, yüksələn enerji qiymətləri neftdən asılı olan inkişaf etmiş ölkələri alternativ enerji axtarışlarına və mənbələrinə yönəlmələrinə də səbəb olur. Əksəriyyətimiz də bunun şahidiyik. Mənə görə neft böhranları və yüksək neft qiymətləri zamanı bitdi. Ona görə də Azərbaycanımızda ixracatda neftin mütləq üstünlük təşkil etməsi bizim üçün “Holland sindromu” məsələsini aktual edir.

Bizim üçün ilkin əlamətləri…

“Holland sindromu”nun ilkin əlamətlərindən biri də odur ki, yerli pul sürətlə dəyər itirir, daxili istehsal çökür və çox təəssüf ki, bu gün ölkəmiz bunun ikisini də yaşayır. Bu sindormun ən təhlükəli tərəfi odur ki, təbii sərvətlər tamamilə istismar edilib tükəndikdə sənaye qısa zamanda yol aldığı strukturunu dəyişə bilmir. Holland sindromunun baş verməsini əngəlləmək üçün isə hesab edirəm ki, kapital qoyuluşu digər  sahələr üzrə də balanslı xərclənməli və qeyri neft sektorunun inkişafı üçün də vəsaitlər ayrılaraq, sektorlara təkan verilməldir. Ümid edək ki, planlaşdırılan və görülən tədbirlər öz nəticəsini verəcəkdir.

Sizin marketinq bələdçiniz…

(263 dəfə baxılıb)