Hər kəs kimi mənim üçün də ilin yekunu önəmlidir. Ötən aylarda görülən işlər haqqında qısa hesabat çıxartmaq və əməyini dəyərləndirmək zənnimcə olduqca vacibdir. Ən azından 12 ayda gördüyün işin qısa olaraq xronologiyasını verərək öz hərəkətini ötən aylara görə təsvir edə bilirsən. Paralel olaraq növbəti ilin hədəfləri də müəyyən olunur. Burada həm şəxsi inkişaf və həm də iş həyatında olan məqsədlər və hədəflər şəxslərin növbəti 12 ayını əhatə edir və ya etməlidir. 2016-cı il Famil Alməmmədov üçün uğurlu başladı və uğurla da yekunlaşmaqdadır. 2015-ci ildə bəlli və dərin sıxıntılarım oldu. Ancaq bu çətinliklərə baxmayaraq həm şəxsi inkişafımda və həm də iş mühitində müəyyən addımlar ata bildim və atdığım addımlar məni 2016-cı ili uğurla başlamağa yardımçı oldu.

Qısa xülasə:

  • familalmammadov.com – marketinq və satış sahəsini əhatə edən bloqumla fəaliyyətə başladım. Bu işdə mənə dəstək olan və məni bu istiqamətdə həvəsə gətirən əziz dostum və qardaşım Tərlan Çiqniyev olmuşdur. Ona da buradan dərin təşəkkürümü bildirirəm. Qardaş səndən bir dənədir.
  • familalmammadov.com bloqumda tərəfimdən bu günə qədər marketinqi və satışı əhatə edən 112 məqalə yazılmışdır.
  • 2016-cı ilin əvvəlində iri bir şirkətdə marketinq və satış üzrə məsləhətçi kimi fəaliyyətlə başladım. 3 cü ayda müqaviləmi öz istəyimlə bitirdim və fərqli bir sahəyə addım atmalı oldum.
  • 2016-cı il ərzində 22 dən çox marketinq və satış üzrə təlim və seminarlarım oldu.
  • 2016-da perakende.az saytının loqotipində və fəaliyyətində dərin rebrendinq həyata keçirtdim. Bu işdə mənə dəstək olduğu üçün Vüsal Hacıyevə öz təşəkkürümü bildirirəm.
  • May ayında MMF2016 Böhrandan Yeni Dövrana adlı Marketinq forumunda iştirak etdim və olduqca dəyərli dostlar və həmkarlarla tanışlığım oldu. Hesab edirəm ki, bu tədbir marketoloqlar arasında əlaqələrin qurulmasında və genişlənməsində önəmlidir.
  • 2016-cı ildə mənə yad olan bir sahəyə girişdim. Bu sahə müalicəvi çay otları və paralel olaraq günlük istehlak üçün nəzərdə tutulan çayların istehsalı sahəsində sınaq oldu. Düzü əvvəlcə fikirləşdirdim ki, çətin olacaq. Sonradan çox şükür hər şey qaydası ilə yol aldı. Bu sahəni öyrəndiyim ərəfələrdə “BUTAM” çay brendi ərsəyə gəldi. Bu brendlə bağlı qısa bir fikir yazmaq istəyirəm. Böhrandan narazılıq edənlərə qulaq asmayın. Başınızı sallayın və öz bildiyiniz, bacardığınız və inandığınız işlə məşğul olun və inanın ki, alınacaq. Sizə kiçik bir sirr. Bəlkədə bu məqaləni oxuyanların çoxu böhran ucbatından ya ölkədən qaçmağa çalışırlar, ya da ki, heç bir şey etmədən böhrandan eninə və geninə narazılıq edərək ətrafa neqatvi yayırlar. Sirrimi yazıram. “BUTAM” çay brendi tam bir böhran məhsuludur. Yəni bazarda dərinləşməkdə olan böhranın övladıdır. “BUTAM” haqqında 2017-ci ildə ətraflı yazacam. Əsas olan odur ki, siz özünüzə inanın.
  • Böhranın təsirindən yaranan başqa iki layihə üzərində də hazırda çalışıram.

Famil Alməmmədova görə 2017-ci ildə nələr baş verə bilər?

Məni tanıyan bir çox dostlar və həmkarlar bilirlərki mən böhrana sözün əsl mənasında faciə kimi baxmıram. Sual verilsə ki, demək istəyirsiniz böhran yoxdur? Mən böhranı inkar etmirəm. Mən məsələyə başqa bir prizmadan baxıram və hesab edirəm ki, məsələyə məhz bu prizmadan yanaşdığım üçün işlərimdə nəticələr əldə edə bilirəm. Mən böhran var deyirəm. Ancaq böhranlı dönəmlərdə necə hərəkət etməli olduğum haqqında düşünürəm. Məsul olduğum işləri və layihələri böhranlı dönəmlərdə necə idarə edəcəyimi və bu layihələri necə uğura çatdıracağımı düşünürəm və hesab edirəm ki, bu yanaşma mən də böhranın yaratdığı və yaradacağı problemlərdən çox böhranda qazana biləcəyim uğurun yollarını açır. 2017-ci ildə ölkəmizdə nələrin baş verəcəyini dəqiq proqnoz vermək çətindir. Ancaq dəqiq bir şeyi bilirəm. Bu böhran bir şansdır – həm yeni iş qurmaq üçün və həm də bu böhranda dayanıqlı bir iş qurulsa hesab edirəm ki, sabitləşmə dönəmindən əvvəl görülən işlər və çəkilən əziyyətlər hədər olmadan öz sahibinə geri dönmələrini ən yüksək səviyyədə göstərəcəkdir. Ancaq mən demirəm ki, biriniz sabah gedəsiniz və yeni şirkət qurasınız və düşünəsiniz ki, Famil Alməmmədov bloqunda yazıb ki, yeni iş aç hər şey əla olacaq. Yox əziz dostum elə deyil. Yeni iş və ya yeni layihə dedikdə böhranın təsirindən yaranma ehtimalı olanları nəzərdə tuturam. Ona görə də bazarı dərindən araşdırmaqda fayda var.

2017-ci ildə böhran davam edəcək?

Bəli, böhran davam edəcəkdir. Ancaq özü ilə yanaşı bir çox imkanları da gətirir. Bazarda mövcud olan zəif şirkətlər və brendlər sıradan çıxacaqlar. Bu da bazarın genişlənməsi və bazar payında artım imkanları deməkdir. Böhran deyərək özünüzü qorxutduğunuz və az qala özünüzə qapandığınız halları kənara atın və 2017-ci ildə dəyişəcək istehlakçı davranışlarında diqqətli olun və inanın ki, qarşınıza gözəl fürsətlər çıxacaq. Məncə ən əvvəl elə istehlakçılardan başlasanız maraqlı layihələr həyata keçirdə bilərsiniz. Şəxsən özüm dəyişməkdə olan istehlakçı davranışları üzərində baş sındırıram və əminəm ki, bir çox bağlı qapıların açarları məhz dəyişən davranışların dəyərləndirilməsindədir. Yekun olaraq məndən sizə tövsiyə – Bildiyiniz və bilmədiyiniz marketinq modellərini təhlil edin və dəyərləndirin və bilinki bu modellərdən biri mütləq sizin yardımınıza çatacaqdır. Ən əsası isə neqativ insanlardan – Dost, tanış, qohum uzaq olun. Neqativ insanların xəyallarınızda qurduqlarınızı məhv etmələrinə imkan verməyin. Əks halda ən qısa zamanda onlardan biri də məhz siz olacaqsınız. 2017 – ci ildə görüşmək ümidi ilə.

Sizin marketinq bələdçiniz…

(119 dəfə baxılıb)