Neçə vaxt idi ki, məqalə yazmırdım. Yazmamağım da əslində səbəbsiz deyildi. Hansı ki, məni məqalə yazmağa yox, daha çox ona diqqət ayırmağımı istəyirdi. Beləliklə də sizi 2017-ci ildə yazdığım ilk məqalə ilə tanış etmək istəyirəm. Bu dəfə ki, məqaləmi mənə çox əziz olan və 8 ay üzərində çalışdığım “BUTAM” çay brendinə həsr edirəm. “BUTAM” əzizim, səni görüm çox yaşayasan. Artıq neçə vaxtdır ki, sosial şəbəkələrdən “BUTAM” çay brendi haqqında paylaşılan məlumatllarla tanışsınız. “BUTAM” çayları haqqında olan xoş şərhləri görüb qərara gəldim ki, bu brendin yaranma tarixçəsi və haqqında sizlərlə öz fikirlərimi paylaşım. Əslində bu brend böhran vaxtı heç bir iş görmək mümkün deyildir deyənlərə, düşünənlərə və böhranın verdiyi fürsətlərə inanmayanlara da bir nümunə brenddir.

“BUTAM” brendi altında istehsal olunan çay məhsulları Azərbaycan istehsalıdır. Qısası yeni milli adlı və milli dadlı öz çayımız. Bu brendin ərsəyə gətirilməsində əsas məqsəd unudulan çay dadlarının yenidən bilinməsi, dadılmasıdır. Qısası bu “BUTAM” çay məhsulları əsl çay ləzzətidir!…

BUTAM loqosu – Simvolu klassik çay yarpağı ilə təsvir edilmiş, brendin adı isə qara rəngli böyük hərflərlə yazılmış sadə bir loqotipdir. Əslində bu da təsadüfi deyildir. Yarpağın yaşıl və butam sözünün qara rəngdə olması çay məhsullarımız arasında qarışıq qara, klassik yaşıl çay və qarışıq yaşıl çay növlərinin olmasına işarədir. Yəni yaşıl və qara çayı bir araya gətirmişik. Ümidvaram ki, həmkarlarımızın bəyəndikləri loqolar sırasına bizim loqomuz da daxil olacaqdır.

BUTAM nə deməkdir?

Bir çoxları bu adı bildiyimiz və hər kəsin düşüncəsində özünə yer almış “BUTA” adı ilə əlaqələndirirlər. Əsla bu adla əlaqəsi yoxdur.Əslində bu brendin adı iki söz birləşməsindən əmələ gəlmişdir. BU – TAM!

Bəs niyə belə birləşmə?

Məsələ burasındadır ki, brendinq zamanı ən çətin mərhələ “naming” mərhələsidir və demək olar ki, marketinq mütəxəsisləri ən çox bu mərhələdə zaman itirirlər. Uğurlu ad brendin bazarda uğur qazanmaq şansını artıran əsas alətdir. Bundan başqa son illər milli adlarla yaranan brendlərin ərsəyə gəlməsi məni çox sevindirir və bu tendensiyanı nəzərə alaraq qərara gəldim ki, yaratmaq istədiyim çay brendi milli adla və ən çox işlək sözlərlə əlaqəli olmalıdır və çox şükür buna da nail ola bildim.

“BUTAM” brendinin adının yaranması necə baş verdi?

Brendin adı 2016-cı ilin Aprelində qoyulmuşdur. Daha sonra brendin və məhsulun konsepsiyası üzərində işlərə başlanılmışdır. İlin sonuna yaxın bütün işlər yekunlaşdıqdan sonra, hazır məhsul kimi 07.12.2016-cı il tarixindən sevimli alıcılarımıza tərəfimizdən təklif olunur. Brendin adı yaxın dostlarla nahar zamanı meydana gəldi. Restoranlardan birində nahar edirdik və müzakirə mövzumuzda  brendinq zamanı adların yaranması haqqında idi. Naharı bitirmişdik və adəti üzrə çay dəstgahı sifariş verdik. İşin ən maraqlı tərəfi də elə burada idi. Çay  içdiyimiz  zaman  bu tam o çaydır deyə belə bir fikir yarandı. Sonra adı bir qədər də qısaldıb, BUTAM sözlərini birləşdirdim və bizim “BUTAM” markasının sadə və mənalı adı ərsəyə gəldi. Həm milli və həm də hər kəsin işlədə biləcəyi marka adı. Növbəti məqaləmdə isə “BUTAM” çaylarının növ və çeşidləri haqqında yazacam. Millətə xeyirli olsun.

Sizin marketinq bələdçiniz….

(437 dəfə baxılıb)