Krım yarımadasının Rusiyaya ilhaqı və bundan nəsibimiz…

0
515

Bu dəfə sizinlə marketinqin böhranlı dönəmlərdə  şirkətlərin həyatındakı rolu haqqında acizanə fikirlərimi paylaşmaq istəyirəm. Böhran həqiqətən də marketoloqları həm də sınağa çəkən bir dönəmdir. Mənə görə böhran haqqında ən gözəl fikirlərdən biri ABŞ-ın 35-ci prezidenti olmuş Con Ficerald Kennediyə aiddir. O deyirdi ki, “«Krizis» sözü Çin dilində cəmi 2 heroqlifdən ibarətdir. Biri «təhlükə» mənasını verir. Digəri isə «əlverişli imkanlar» mənasını ifadə edir”. Şəxsən mənə görə bu kişinin dedikləri üzərində düşünməyə dəyər. Görəsən doğrudan mı böhran təhlükələrlə yanaşı əlverişli imkanları da gətirir? Bu barədə yazacam. Ancaq bir qədər başqa məsələlərə də toxunmaq istəyirəm. Baxaq görək bəs ölkəmizdəki böhranın başlıca səbəbi nə idi? Bilirəm həmin dəqiqə cavab verəcəksiniz ki, neftin qiymətinin düşməsi, yerli istehsalın olmaması, ölkənin idxaldan asılı olması və s. əslində bunları çox uzatmaq olar və haqlı da fikirlərdir. Məsələ burasındadır ki, sadalananlar heç də böhrana səbəb olan əsas səbəblər deyil. Yazacağım cavab bəlkə də çoxlarınıza qəribə gələcəkdir. Ölkəmizdə böhranın cığırı 2014-cü ilin əvvəllərinə təsadüf edir. Həmin ili mən ölkəmizin iri istehsal müəssiələrindən birində istehsalat marketinqi şöbəsinin müdiri vəzifəsində çalışırdım. Şirkət iki bazarda ciddi fəaliyyət göstərirdi və ən əsası da ixracatı var idi. Təxminən 10 ölkəyə məhsul ixrac edirdi. Elə həmin ildə dünyanın silkələyən siyasi bir böhran yaşandı. Bu hadisənin təsiri ilə mən məcbur oldum ki, bir PEST analiz aparım. Yəqin ki, bilirsiniz PEST analiz həm idxal və həm də ixracat ilə məşğul olan şirkətlərdə mütəmadi və davamlı aparılmalı olan analiz növüdür. Political (siyasi) Economical (iqtisadi) Social (sosyal) Technological (texnoloji) bunları dəqiqliklə təhlil edən şirkətlər sonradan ağır böhranlar yaşamamaq üçün davamlı olaraq prosesləri izləyirlər.

Bəs 2014-cü hansı siyasi böhran yaşandı? Ölkəmizə təsiri

Ölkəmizdə baş verən böhran əslində ilk simptomlarını bu hadisədən aldı. Bu siyasi hadisə Krımın Rusiyaya ilhaqı idi. Krım yarımadası Ukraynanın cənubundakı kiçik bir yarımadadır. Ərazisi kiçik olmasına baxmayaraq Qara dəniz sahillərindəki bütün ölkələr üçün strateji əhəmiyyəti vardır. Elə buna görə də Rusiya bu yarımadaya göz dikmişdi və belə də oldu. Belə ki, Rusiya Krım yarımadasını öz tərkibində daxil edən kimi onsuzda dünyada böhran dalğasının  tuğyan etdiyi dönəmdə böhranın bir qədər də dərinləşməsi ilə zəif iqtisadiyyatı olan ölkələrdə də böhran qaçılmaz oldu. Bu hadisədən sonra dünya ölkələri Rusiyaya ağır sanksiyalar tətbiq etməyə başladılar, Rusiya böyük səkkizlikdən xaric edildi və bunun da təsirindən biz beləcə 2015-ci ilin Fevral devalvasiyasına iri addımlarla irəliləməyə başladıq. Bu təhlil yuxarıda da qeyd etdiyim kimi PEST analizin nəticəsi idi. Düzdü burada məsələni anlaya biləsiniz deyə sadə dildə yazdım. İxracatımız olduğuna görə təcili olaraq PEST analiz apardıq. Proqnozumuz belə oldu. Rusiyaya tətbiq olunan sanksiyalar həmin ölkəyə qoyulan investisyaların qarşısını alacaq, rubl dəyər itirəcək, işsizlik artacaq, Rusiyanın özünün idxalında problemlər yaşanacaq və xüsusilə də böyük Rusiyanın regionlarında, hansılara ki, bizdən məhsul ixracı var idi. Azərbaycana Rusiyadan il ərzində gələn milyardlarla dollar axını azalacaq və s. Ən əsası isə Rusiya iqtisadiyyatından bir başa asılı olan orta Asiya ölkələrin ( Qazaxstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) də bizdən məhsul almamaq riskini artırırdı. Nəysə bizim analizin və təhlilin nəticələrinə rəhbərlik bir o qədər önəm vermədi. Sahibkarın gülümsəyərək mənə verdiyi sual belə oldu. Famil müəllim demək istəyirsiniz ki, o boyda Rusiyaya tətbiq olunan sanksiyalar mənim şirkətimə və biznesimə təsir edəcək? Müəllim etmiyəcək, ona görə ki, artıq təsir etməyə başlayıb. Gəlin təklifimizi dəyərləndirin. Təklif edirəm ki, ixracat həcmini minimuma salaq, daxili bazarda gücümüzü artıraq yoxsa şirkət zərər edəcəkdir. Yenə də cavab – yox oldu. O vaxtlarda ölkəmizə məhsul idxal etmək sərfəli idi, ona görə ki, dolların məzənnəsi manatla nisbətdə zəif idi. Ona görə də yerli şirkətlərin və ya yerli istehsalın möhkəmlənməsinə və ixracata yönəlik işlər demək olar ki, görülmürdü və ya arxa planda idi. Digər tərəfdənsə ixracat etmək də çətin idi. Ona görə ki, manatımız dollara nisbətdə güclü idi və bizdən məhsul idxalında xarici bazarlar maraqlı deyildilər. Nəysə, məsələ  təxmin etdiyimiz kimi də oldu. 2014-cü ilin Noyabr ayında şirkət beş yüz min dollardan çox zərərə getdi. Bilirsiniz mi niyə? Ona görə ki, rus rublu dollar qarşısında ciddi dəyər itirdi. O vaxt dolların məzənnəzi belə idi. 1$=30 rubl, Noyabr ayında bu göstərici 60/64 rubl arası oynayırdı. Hətta sonralar bu göstərici 84 rubla qədər qalxmışdı.  Bunun da təsirindən şirkətin ixracat sifarişlərinin demək olar ki, hamısından xaricdəki tərəfdaş şirkətlər tərəfindən imtina edildi. Bu imtina məsələsi isə ayrıca bir temadır. Bu barədə başqa məqalələrimdə yazacam. Elə buna görə də şirkət ciddi zərərlə 2014-cü ili başa vurdu, həm də 250 tondan yuxarı məhsul qalığı ilə. Göründüyü kimi bəzən elementar görünən analizlər və onların nəticələrinə diqqət olunmadığı halda şirkətlər ağır maddi zərərlərdən qaça bilmirlər. Necə deyərlər sən saydığını say gör böhran nə sayır? Növbəti məqaləmdə isə sizinlə belə halların fonunda şirkət olaraq nələri edə bilərik kimi suallara dair fikirlərimi  bölüşəcəm. Ümid edirəm ki, faydalı məlumat oldu.

 

(133 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here