Azərbaycansayağı marketinq

0
72

Artıq neçə vaxtdır ki, bu barədə yazmaq istəyirdim. Haqqında yazmaq istədiyim isə Azərbaycan sayağı marketinqdir. Bloqun yazılmasında məqsəd ölkəmizdə marketinq sahəsində baş verənlərə biganə qalan və ölkədə marketinqin olmadığını iddia edən elm dahilərinə az da olsa bir şərh vermək istəyirəm. Azərbaycanda marketinq 2005-ci ildən universitetlərin tədris proqramına salınmışdır. Yəni ABŞ da marketinqin fənn kimi tədris ilə ölkəmizdəki tədrisi arasında tam 100 illik bir zaman məsafəsi vardır. Bu da o deməkdir ki, marketinq ölkəmizdə hələki yetişir. Bəs belədirsə onda Azərbaycan sayağı marketinq necə ola bilər?

Azərbaycanda marketinqin tarixi həqiqətən də 2005-ci ildən başlayır?

Bəli, Azərbaycanda marketinqin tarixi dolayı yollarla uzun illərə gedib çıxır. Biz mənşəcə türkük. Türklər isə dünya tarixində ticarət sahəsində dərin iz buraxan  millətlərdəndir. Bildiyiniz kimi türklər təbiətən tərəkəmə olublar. Tərəkəmə olan əcdadlarımız gəzdikləri, dolaşdıqları coğrafiyalarda  ticarətin sirrlərini yaxından öyrənmiş, mənimsəmiş və nəsildən – nəsilə ötürmüşlər. Qısası marketinqin özəyi olan ticarəti biz yaxşı bacarırıq. Bəzən qruplarda özünü fövqəl elmli marketoloq hesab edən şəxslərin Azərbaycan marketinqi və marketoloqları, onların fəaliyyətləri haqqında yazmış olduqları neqativ şərhləri oxuyanda sadəcə olaraq təəssüflənirəm. Nəysə bu barədə çox yazmaq istəmirəm. Hər birimiz bilməliyik ki, Azərbaycan sayağı ticari marketinq özünə məxsus yumoru ilə seçilir və hətta sevilir də. 90-cı illərdən formalaşan pərakəndə və topdan satış bazarların təsiri ilə günümzdəki bazarlar formalaşmışdır. Formalaşan bazar prosesləri bizim klassik satıcılarımızı ticarətə müxtəlif prizmalardan yaxınlaşmağa vadar etmişdir. Hesab edirəm ki, məhz öz ticarətinə fərqli yanaşanlar və ticarətini inkişaf etdirənlər Azərbaycan sayağı ticari marketinqin əsasını da qoymuş oldular.

 Azərbaycan sayağı marketinq nədir?

Bu suala nəzəri cavab yazmıyacam. Tam əksinə buna real misallarla şərh yazacam. Əslində bu faktlarla demək olar ki, hər birimiz hər gün rastlaşırıq və bunu öz təcrübəmizdə yaşayırıq. Gəlin birlikdə nəzər yetirək.

  • Ədədli uşaq bezləri – Uşaq bezləri bazara daxil olandan bu günə qədər demək olar ki, uşaq olan hər bir ailə onu istehlak edir. Uşaq bezlərnin Azərbaycan sayağı ticari marketinqlə nə əlaqəsi? Əlaqəsi var özü də bir başa. Belə ki, təcrübədə uşaq bezlərinin ədədli satışları ilk dəfə ölkəmizdə yaşanmışdır. Əminəm ki, Azərbaycanda əksəriyyət ailələrdə uşaqlara ədədlə uşaq bezi alınmışdır. Beləliklə də uşaq bezləri tarixində biz bir ilkə imza atmış olduq. Uşaq bezini alanlar bir çox hallarda bezin paketini satıcılara açdırırlar və sanki meyvə seçirlərmiş kimi bezin birini üstdən, birini altdan seçərək məhsulu alırlar. Bu həqiqətən də bizə aiddir.
  • Pampers – Bütün dünyada uşaq bezləri brendlərin öz adları ilə alınır və istehlak edilir. Bizim bazarda təxminən yeddidən çox uşaq bezi brendi mövcud olmasına baxmayaraq, uşaq bezləri sadəcə bir brendin adı ilə axtarılır. “Pampers” brendinin adı ilə. İşin maraqlı tərəfi burasındadır ki, bezlərin Pampers adı ilə mövqelənməsi məhz istehlakçıların tərəfindən olmuşdur. Görünür digər uşaq bezləri satıcıları bu baxımdan mövqelənmələrini yanlış istiqamətə yönəldiblər.
  • Siftə – Bu sözü çoxlarımız eşitmişik və ya demək olar ki, tez – tez eşidirik. Adətən böyük bazarlarda tez – tez işlədilən bir termindir. Bu termin ən çox alış-veriş zamanı satıcılar alıcılarla dialoq zamanı işlədirlər. Misal: Siftəni sizdən etdiyim üçün endirim edəcəm. Yaxud alıcı iri pul verəndə satıcı deyir ki, hələ siftə etməmişəm, imkan varsa xırda verin və s. Bu həqiqətən də unikal sözdür.
  • Alınan mallar geri qaytarılmır – Müdriyyət: Bu qapı üstü elanlarla hər brimizin rastalaşdığına əminəm. Bilirik ki, qanunvericiliklə belə bir elanın verilməsi qadağandır. Ancaq insanlarımız bu elanı qanun kimi qəbul edirlər. Təbii ki, bu elanları verən tərəf öz alıcılarının qanunlar tərəfindən bilgisiz olduqlarını bilirlər və ona görə də tez – tez belə elanları verərək alıcılarını hələki öz təsirlərində saxlaya bilirlər.
  • Bu gün nağdı, sabah nisyə – Sözün gücünə və dərin mənasına diqqət edin. Nisyə mal almaq istəyən alıcını incitmədən necə gözəl bir şəkildə nağd alış – verişə təşviq edir. Belə bir yanaşma əminəm ki, dünyanın heç bir yerində müşahidə olunmur.
  • Allah bazar versin – Demək olar ki, ölkəmizdə əksər ticarət və alış – verişlər bu gözəl kəlimə ilə başlayır. Bu bir növ uca yaradanın adı ilə qarşındakını mənəvi motivasiyaya təşviq edirsən. Sizi əmin edirəm ki, bu gözəl ifadəni hətta inancsızlar belə işlədirlər. Bu bir növ ticari termin kimi işlədilir.

Azərbaycan sayağı marketinq haqqında hələlik bu qədər. Bloqda yazılanlar və sadalananlar çox az bir qisimdir. Növbəti məqaləmdə sizləri Azərbaycanda gündəlik ticarətdə istifadə edilən terminlərlə tanış edəcəm. Hələliksə növbəti məqlənin yazılması üçün araşdırmalara davam..

 

 

(100 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here