Birinci yazım da az da olsa Azərbaycansayağı marketinq haqqında fikirlərimi və bildiklərimi sizə çatdırdım. Bu dəfə ki, yazım da isə sizə klassik bazarlarımızda ticarət zamanı işlədilən Azərbaycan sayağı marketinq söz və jarqonları haqqında əldə etdiklərimi sizinlə paylaşmaq istəyirəm. Biz ticarət etməyi həm bacaran və həm də ticarəti sevən millətik. Elə bu sevgi və bacarığın fonunda satıcı və alıcılar arasında zamanla dialoq halına keçmiş söz və jarqonlar ünsiyyətdə öz yerini almışdır.

Jarqon nədir?

Ümumxalq dilindən spesifik söz və ifadələri ilə fərqlənən, yalnız müəyyən ictimai və peşə qrupuna mənsub adamların öz aralarında danışdığı, başqalarının isə başa düşmədiyi şərti “uydurma” danışıq dili. Deyirəm çox uzatmadan keçək özümüzün milli marketinq jarqonlarımıza.

 

  1. Alan aldanmaz, evdə danlamaz: Bu ifadə ilə satıcılar öz məhsullarının keyfiyyətinə işarə edirlər. Yəni məhsul o qədər keyfiyyətlidir ki, evdə bu məhsula görə sizə bir kəs söz deməyəcəkdir.
  2. Aldım qoz – satdım qoz: Bu ifadəni ticarətdə əli gətriməyənlər çox işlədirlər. Yəni mal almasına baxmayaraq qazanc sıfır. Bu həm də gəliri olmayan bizneslərə də aid edilir.
  3. Bazar od tutub yanır: Bu jarqon adətən sadə xalq arasında geniş yayılmışdır. Bu ifadə ilə bazarda qiymətlərin çox yüksək olmasına işarə olunur.
  4. Cibində siçanlar gəzir: Bu ifadə isə satıcılar tərəfindən onlara sərf etməyən, pulu olmayan, ancaq özündən razı müştəriləri haqqında tez – tez işlədilir.
  5. Aşağı yeri var? Götürsəm son qiymətin nə olacaq?: Bu sual alıcının satıcıya verdiyi ənənəvi suallardandır. Sualı verməklə müştəri endirimdə maraqlı olduğunu bildirir. Bu suala pozitiv cavab verən satıcı bir növ özünə loyal müştəri qazanmaq imkanını əldə etmiş olur. Endirim etməyənlər isə gələcək müştərilərini itirirlər.
  6. Çörək ağacı: Bu olduqca önəmli bir sözdür. Belə ki, bu sözün fonunda satıcıya ən çox gəlir gətirən məhsul nəzərdə tutulur. Analoqu – Boston matrisindəki “sağmal inək”dir.
  7. Əl əli yuyar, əldə üzü – Burada qarşılıqlı münasibətlər nəzərdə tutulur. Belə ki, birinin başqasına işi düşər və o da buna qarşılıq yardım edər. Bir müddət sonra dəstək alan tərəf bunun əvəzini yaxşılıqla çıxar. Elə ona görə də dəstək verən bunun qarşılıqsız olduğunu desə də, qarşı tərəfin cavabı: Əl əli yuyar, əldə üzü ifadəsini işlədərək öz razılığını bildirir.
  8. Dədə – baba qaydası: Bir çox hallarda iki satıcı arasında keçmişdəki kişilər arasında gəlinən razılaşma metodu ilə bir birinə nisyə mal vermək haqqında gəlinən razılaşmadır. Bu razılaşma metodudan bu gündə bizneslərdə istifadə edilir və dədə – baba qaydası ilə işlər yoluna qoyulur.
  9. Əli pulla oynayır, əli gətirir: Bu ifadə əli ticarətdə gətirən adamlar haqqında işlədilir.
  10. Firma malı: Bu sözü işlədən satıcılar, satış zamanı məhsulun keyfiyyətli və brend məhsul olmasına işarə edirlər.
  11. Zavadskoy mal: Bu jarqonu işlətməklə satıcılar satdıqları məhsulların sex malı yox, zavod malı olmasına işarə edirlər.
  12. Geydirmə mal: Məhsulun keyfiyyətsiz olduğuna işarə edir.
  13. Almaq istəsən aşağı qiymətə danışarıq: Potensial müştərini itirmək istəməyən satıcının, alıcıya endirim təklifidir.
  14. Full və ya fulun fulu: Bu jarqonu isə ən çox maşın bazarında işlədirlər. Bu ifadə ingilis dilində ən çox bir mənada işlədilsə də. Azərbaycanda tamam başqa bir formada işlədilir. Bu söz və ifadələrin işlənməsi maşının parametrlərindən də çox nəqliyyat vasitəsinin çox keyfiyyətli olmasına işarə edilir.
  15. Cip: Bu bizim bir çoxlarımızı altı hündür yolsuzluq maşınları haqqında işlətdiyimiz jarqondur. Hətta şəhəriçi nəzərdə tutulan nəqliyyat vasitələri üçün də işlədilir. Bu “Jeep” brendindən alınma ad olsa da, nəticə etibarı ilə ad dilimizə “Cip” jarqonu kimi oturmuşdur.
  16. Halal məhsul: Bu ifadə bir çox hallarda dindar kütlə tərəfindən işlədilir. Bu söz olduqca önəmlidir və əsasən bir neçə formada qəbul edilir. Birincisi məhsulun tərkibində donuz ətinin və yaxud da İslamla qadağan olunmuş məhsulların olmadığına işarə edir. Yəni məhsulun donuz əti və ya mal əti olmasını ayırd etmək üçün işlədilir. İkincisi qazanılan pulların doğru yoldan qazanılmasına, üçüncüsü isə güvənli və etibarlı adamların ünvanına söylənilən “halal adam” sözdür.
  17. Xadavoy mal və ya xadavoy yer: jarqon iki mənanı ifadə edir. Birincisi məhsulun yaxşı satılan olmasına, ikincisi yerin ticarət üçün uyğun yer olmasına işarə edir.
  18. İmportnu mal və ya xarici mal: Bu jarqon da iki mənanı verir. Birincisi məhsulun keyfiyyətinə işarə edir. İkinisi isə malın gətirilmə olduğunu bildirir.
  19. Qaz vurub qazan doldurmaq: Çoxlu pul qazanan adamlar haqqında işlədilən söz.
  20. Qorxan gözə çöp düşər: Bu jarqon “risk” sözünün analoqu. Qısası fərdlər ya özlərini, ya da başqalarını riskə təşviq etmək üçün bu jarqondan istifadə edirlər.
  21. Paddelka mal: keyifyyətsiz və yaxud saxta mal haqqında işlədilən jarqon.
  22. Şərti şumda kəsərlər: istənilən danışıqların şərtlərinin əvvəlcədən razılaşdırılması.
  23. Yüz ölç, bir biç: Hər hansı bir biznesə girişməzdən əvvəl hesabların dəqiq aparılması üçün edilən tövsiyə.
  24. Pulumu kəsmə: Satıcının alıcıya bir başa psixoloji təsiridir. Belə yolla satıcı alıcının onun qazanmaq istədiyi puldan çox kəsə bilməməsi üçün işlətdiyi sözdür.
  25. Pul əl çirkidir: Bu jarqon pulun heç də hər zaman hər şeyi həll etmədiyinə işarə edir.
  26. Puluna minnət: İstənilən məhsul və ya xidmətin özünün qiymətini olduğuna işarə edir.
  27. Mənə ordan heç nə qalmır: Bu söz alıcı ilə satıcı arasında alver qızışanda işlədilir. Belə ki, alıcı almaq istədiyi məhsul üçün daha böyük endirim istəyəndə, satıcının bir çox hallarda verdiyi cavabdır.
  28. Qonaq olardın və ya qonağım olardınız: Bu söz adətən satış baş tutan zaman işlədilir. Bu bir növ hörmət mənasında işlənir. Yəni müştəri məhsula pul ödəmədən onu götürüb apara bilər. Bu hal bir neçə formada olur. Alıcı xanımdır və o satıcının xoşuna gəlmişdir, alıcı satıcını şirin dilə tutub onunla dostlaşanda, ya da alıcı tanış çıxır və alıcının hər hansı bir yaxın dostunun anası, bacısı, qardaşı olan hallarda bu söz işlədilir.
  29. Şapkam olacaq? Bu jarqondan ən çox dəllalar istifadə edirlər. Şapka jarqonu pula işarədir. Yaxşı bilirsiniz ki, dəllalar real işləri düzüb qoşan adamlardır və onların hər xidmətinin pul qarşılığı olmalıdır.
  30. Yağlı müştəri: Bu jarqon müştərinin çox imkanlı olmasına işarə edir.

Milli marketinq söz və jarqonlarımız haqqında çox yazmaq olardı. Sadəcə çalışdım ki, qısa da olsa ən çox işlənən və gündəlik eşitdiyimiz jarqonlar haqqında məlumatlı olasınız. Yazıda Mustafa Mehman oğlu Məmmədovun “Oсобенности маркетинга по Азербайджански” kitabında qeydə alınmış bəzi jarqonlardan da istifadə olunmuşdur. Faydalı olması ümdi ilə…

(152 dəfə baxılıb)