Neqativ tələbat nədir?

0
53

Neqativ tələbat – məhsullara, xidmətlərə olan minimal göstəricilər və yaxud ümumiyyətlə tələbatın olmamasıdır. Neqativ tələbat məhsul və ya brendin, yaxud xidmətin həyat dövrlərinin müəyyən mərhələlərində baş verə bilər. Bura məhsulun və ya xidmətin ilkin mərhələləri də daxildir. Yəni məhsul və ya xidmət bazara təklif olunduğu ilk gündən, ilk həftədən, ilk aydan da özünə qarşı neqativ tələbatı formalaşdıra bilər.

Bu cür hal hansı hallarda baş verir və bunun üçün nələr edilməlidir?

Məhsula və ya xidmətə qarşı neqativ tələbat əsasən bazar dərindən araşdırılmayanda, hədəf kütlələr düzgün seçilməyəndə, məhsula və bazara uyğun olmayan qiymətin təyin edilməsi, məhsulun satışı üçün düzgün və uyğun yerin seçilməməsi, işlənilmiş yanlış reklam strategiyası, məhsulun və yaxud xidmətin təklif olunacağı vaxtın düzgün planlaşdırılmaması, yerli əhalinin adət və ənənələri nəzərə alınmadığı kimi hallarda baş verir və ya baş verə bilər.

Misal: Tutaq ki, siz gəlin geyimləri və yaxud ziyafət qadın geyimləri mağazası açmaq qərarına gəlmisiniz. Aylardan da Oktyabr ayıdır. Siz mağazanızı açırsınız ancaq nə gələn var, nə gedən. Bir tərəfdən icarə haqqının vaxtı gəlir, başqa bir tərəfdən kommunal xərclər, başqa bir tərəfdən əmək haqqı və s. satış olmadığına görə maddi sıxıntılar başlayır. Bəs buna səbəb nədir? Mən Oktyabr ayını qeyd etdim elə deyil? Elə bir çox yeni mağaza açanların da səhvləri buradadır. Onlar miladi təqvimlə mağazalarını açırlar, müsəlman hicri təqvimi ilə yox. Nə dəxli var? Sual verə bilərsiniz. Oktyabr ayı olsa da müsəlman hicri təqvimi ilə Məhərrəm, Səfər və yaxud da Ramazan ayı ola bilər. Bu aylarda isə geniş miqyasda şənliklər (toy, nişan, ad günləri və s.) keçirilmədiyinə görə yeni açılan mağazaların məhsullarına neqativ tələbat yaranır və yaxud ən yaxşı halda neqativ tələbat minimal olur. Hətta bazarda oturuşmuş qadın geyimləri mağazlarında da qeyd edilən məhsullara qarşı həmin aylarda neqativ tələbat yaranır.

Neqativ tələbatın aradan qaldırılması üçün nə kimi tədbirlər görülməlidir?

Bunun üçün bir çox çıxış yolları mövcuddur.  Neqativ tələbat dövründə məhsulun inkişaf etdirilməsi mütləqdir və bunun üçün mövcud olan marketinq alətlərindən doğru istifadə etməklə neqativ tələbatın qarşısını almaqla, məhsulu və ya xidməti inkişaf etdirmək olar. Bunlar: Rebrendinq, restaylinq, feyslift, reklam strategiyasının dəyişdirilməsi də ola bilər. Məhz bu marketinq alətlərindən istifadə etməklə məhsulu və ya xidməti yeni səviyyəyə çatdırmaqla və yaxud fərqli səviyyəyə keçirtməklə inkişaf etdirmək mümükündür.

Ancaq diqqət olunası bir nüans var və həm də şiddətlə diqqət edilməsi tövsiyə olunur.

Əgər məhsul və ya xidmətinizə qarşı neqativ tələbat müəyyən olunmuşdursa, bu zaman bu prosesin qarşısını ala bilmək üçün istifadə edəcəyiniz metodların tətbiqindən əvvəl yaranmış neqativ tələbatın səbəblərini yaxşıca öyrənməli və yaxşıca təhlil etməlisiniz. Aparılmış analizlərin nəticəsindən sonra əlinizin altında olan metodlardan hansının və yaxud hansıların seçiləcəyinə qərar verin. Ancaq və ancaq belə olduğu halda neqativ tələbatın aradan qaldırılmasına və situasiyanın məhsulun və ya xidmətin xeyrinə dəyişməsinə nail ola bilərsiniz. Neqativ tələbatın qarşısının alınmasında stimullaşdırma marketinq alətlindən də istifadə etməkdə fayda var. Bu barədə isə növbəti bloqda.

(130 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here