Siz hansı yanacaqdan istifadə edirsiniz, premium yoxsa A92?

0
248

Bu yaxınlarda yanacağın törətdiyi fəsadlarla bir hadisənin şahidi oldum. Daha doğrusu hadisə yaxın dostumun başına gəldi. Bloqpostun yazılması ideası da buradan yarandı. Təxminən 2005 -ci ildən maşın sürürəm və 12 il ərzində maşınların idarə olunması və düzgün istismar qaydaları ilə də yaxından tanış olmağa davam edirəm. Necə deyərlər öyrənə öyrənə gəlirəm. Məni tanıyan ustaları sözün yaxşı mənasında sual yağışına tuturam və öyrənməyə çalışıram. Hətta maşınımda bəzi hissələri artıq özüm dəyişirəm və bu da mənə nəqliyyat vasitəmi daha yaxından tanımağa imkan verir. Mənə görə bu cür yanaşma olduqca önəmli və zəruridir. Bu bloqpostda 12 il ərzində öyrəndiklərimin hamısını yox, sadəcə yanacağın nəqliyyat vasitələrinə olan faydalı və mənfi tərəfləri haqqında olan  praktiki fikirlərimi paylaşmaq istəyirəm. Düzü bloqpostu yazmazdan öncə online bir araşdırma aparmaq qərarına gəldim. Dedim bəlkə məndən əvvəl bu barədə kimsə nəsə yazıb. Ancaq təəssüf ki, bu barədə maarifləndirici bir materiala rast gəlmədim. Ümid edirəm ki, nəqliyyat vasitələrinin sahibləri və maşın sahibi olmaq istəyənlər üçün faydalı bloqpost olacaqdır.
Əvvəlcə ölkəmizdəki sürcülərin və əksəriyyət nəqliyyat vasitələri istifadəçilərinin yanacağa olan klassik yanaşma tərzləri haqqında yazmaq istəyirəm. Əslində nəqliyyat vasitəsinə hansı yanacaq növünün doldurulmasına qərar verən  kateqoriyalar vardır. Birinci kateqoriya sürücülər və onalrın qərarlarına təsir edənlər – Sürücülərin etibar etdikləri, güvəndikləri mühərrik ustaları və elektriklərdir. Bunlar hansı yanacağı doldurun desələr,  sürücülər heç bir araşdırma apramadan mütləq qaydada bu dahilərin məsləhətlərinə əməl edəcəklər. İkinci kateqoriya– Xüsusilə özünü stajlı hesab edən sürücülər. Maşına əvvəldən hansı benzini tökdünsə, mühərrik də ona öyrəşir. Üçüncü kateqoriya sürücülər – Nəqliyyat vasitəsinin istehsalçısı nəyi tövsiyə edirsə o yanacaqdan istifadə edən çox az bir qisim. Əslində kateqoriyaları genişləndirmək olardı. Bunlar ən çox üzdə olduqlarına görə bu kateqoriyalarla bloqposta davam edəcəm. Mən usta deyiləm, mən bir marketoloqam və bu işimin təsiri sayəsində istismarımda olan nəqliyyat vasitələri hər zaman saz vəziyyətdə olublar. Mühərrikin və yaxud nəqliyyat vasitəsinin saz vəziyyətdə qalmasının əsas səbəblərindən biri nəqliyyat vasitəsi haqqında maksimum dərəcədə məlumatlı olmaq və istehsalçının məsləhət və tövsiyələrinə vaxtında əməl etmək. Ancaq çox təəssüf ki, bir çox sürücü üçün istehsalçıların yox, uşaqlıqdan tanıdığı və ya ailəvi olaraq müraciət etdikləri ustaların sözləri daha önəmlidir. Eyni ilə ailə həkimi kimi. Ölkəmiz neft ölkəsi olmasına baxmayaraq yanacaq standartlarını təyin etmək və barədə nələrinsə yazılması demək olar ki, yox səviyyəsindədir. Olsa belə yazılan yanacaq standartları keçmiş Sovet standartları əsasında yazılanlara əsaslanır. Yəni (ГОСТ) – a. Bu barədə çox yazmaq istəmirəm. Keçək əsas məsələmizə.

Hansı yanacaqdan doldurulmalıdır?

Nəqliyyat vasitəsi üçün uyğun olan yanacaq tipini müəyyən etməyin ən sadə üsulu istehsalçıların rekomendasiyaları ilə əməl etməkdir. İstehsalçılar bir neçə formada sürücülərə məlumat verirlər. Bunlardan birincisi və ən sadəsi yanacaq çəninin qapağının içərisində göstərilir. Bu gördüyünüz fotoda da açıq şəkildə təsvir edilib. İkincisi – istehsalçılar bu barədə nəqliyyat vasitələrinin istismarı haqqında olan kitabçalarda ətraflı şərh verir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan sürücüləri əvvəldə də qeyd etdiyim kimi bu cür tövsiyələrə əhəmiyyət vermirlər və ya ustalarının, ya da ki, büdcələrinə uyğun yanacaqdan istifadə etməyə üstünlük verirlər. İkinci yanaşma yanlışdır. İstehsalçı tərəfin mühəndisləri aylarla mühərrik üçün yanacaq tipləri  ilə sınaq testlər keçirirlər və testlərin nəticəsi olaraq mühərriklər üçün ən uyğun olan yanacaq markasını onun tərkibindəki maddələrə uyğun təyin edirlər. Ölkəmiz tərəfindən istehsalçılar qarşısında belə bir tələb qoyulmadığı üçün ölkəmizdə istismar olunan nəqliyyat vasitələri fərqli ölkələrin tələbləri əsasında istehsal olunanlardır. Ölkə ərazisində mövcud olan nəqliyyat vasitələrinin əksəriyyətinin mühərrikləri elektron mexaniki sistemlə təchiz olunmuş məşhur injektor sistemi ilə işləyir. Mühərriyin içərisində yanacağı paylayan məhz injektordur. Daha sadə şəkili ilə injektor benzin nasos vasitəsi ilə ötürülən yanacağı sprey şəkilində daxildə yayır. bu yayılmanın nəticəsində güclü partlayışlar əmələ gəlir ki, bunun da vasitəsi ilə mühərrik ona lazım olan enerjini əldə edə bilir. Bu isə ancaq bir halda mümkün olur. Premimum yanacağı vurulduğu təqdirdə. Ancaq belə olan halda mühərrik həm saz vəziyyətdə çalışır və həm də yanacaq yandırma zamanı nəqliyyat vasitəsi qənaətlə işləməyə başlayır. Xərclərimizdə qənətli olan yox, nəqliyyat vasitəmizə ən uyğun yanacaq vurulanda buna nail olmaq mümkündür.

Səbəb? 

A92 markalı benzin avtomobilin daxiliyanma mühərrikində müəyyən sıxılmadan sonra yanır. Lazımı sıxılmaya qədər dözməlidir. Oktan alışmaya davamlığı göstərir. Benzin injektorlar vasitəsi ilə yanma kamerasına çilənir və orada müəyyən dərəcədə sıxılır, ondan sonra yanır. A 92 markalı yanacaqlarda oktan ədədi lazımı dərəcədə olmadığına görə, yanma nəzərdə tutlan vaxtda baş vermir. Bunun da nəticəsində avtomobilin mühərrikində yanma tsikli və ya yanma dövrülülyü pozulur. Benzin sərfiyyatı artır, mühərrikin elktron idarəetmə sistemi, işlənmiş qazları xaricetmə sistemi, klapanlarının da işi pozulacaq. Maşın hərəkət etməsinə baxmayaraq gücü də az olur. Ola bilsin ki, 90% ehtimalla maşının xaric etdiyi qazların tərkibindəki zərərli maddələr də normadan artıq olur. Çünki mühərrikdə yanma normal getmir. Bununla da A92 markalı yanacaqdan istifadə edən sürücülər özlərinə gələcək xərcləri təmin edirlər. Aİ 92 markalı benzin daha çox Sovet və Rusiya istehsalı olan karbürator sistemli nəqliyyat vasitələri üçün əlverişlidir. Bunlar Jiquli seriyası və digərləri.  Qısası A92 markalı benzin injektor sistemli nəqliyyat vasitələrinin əksəriyyəti üçün olduqca ziyanlı və təhlükli yanacaqdır. Birinci – İnjektor sisteminin sıradan çıxması yolunda ilk addımlar atılır. İnjektor sisteminin bərpası isə olduqca bahalıdır. Şamların ( el arasında sveça) tez sıradan çıxmasına yol açır. Normalda şamlar 30.000 km də bir dəyişilməli olduğu halda, A92 markalı yanacağı ilə hərəkət edən mühərriklərdə bu 10.000 və ya 15.000 km-ə qədər düşə bilər və yaxud daha az da ola bilər. A92 nin təsiri ilə çalışan mühərriklərin şamları tez sıradan çıxır və  bir çox detalların da korlanmasına səbəb olurlar. Əvvəlcə babinlər sıradan çıxır, sıradan çıxan babinlər sürətlər qutusunun işləməsinə təsir edir və zamanında qarşısı alınmazsa sürətlər qutusu və maşının beyni sıradan çıxacaqdır. Digər tərəfdənsə benzin nasos sıradan çıxır. A92 markalı benzinin ilk qurbanı demək olar ki, benzin nasosdur. Ona görə ki, A92 nin tərkibindəki bütün zərərli maddələr ilk öncə benzin filtirdə toplanır və zamanla filtirin mühərrikə təmizlənmiş benzin ötürmə funksiyası azalır və nəticədə bu nasosun düzgün çalışmasına və hətta yanmasına qədər təsir edir. Dostumun da başına gələn məhz bu oldu. Neçə vaxt idi yorulmuşdum deməkdən ki, ay qardaş premium vur, premium. Sadəcə olaraq deyirdi ki, bir şey olmaz. Motor öyrəşib. Ancaq onun dediyi çıxmadı və benzin nasos yandı və babat xərcə düşdü. Bloqpostu bitirməmiş sizə bir tövsiyəm olacaqdır. Yanacaqdoldurma mərkəzlərindən istifadədə də diqqətli olmalısınız. Ümumiyyətlə fərq etməz Aİ92 və ya Premium markalı benzin olsun. Burada önəmli olan brend yanacaqdoldurma mərkəzlərinin xidmətlərindən yararlanmaqda fayda vardır. Ən azından dəyən ziyanın ödənilməsi və s. məsələlər barəsində də düşünmək lazımdır. Əks halda Yetər Petrol, Tural Petrol, Binəqədi Petrol və s. bu şəkildə fəaliyyət göstərən və yanacaqdoldurma mərkəzlərindəki benzinin mənbəyi və mənşəyi bəlli olmayan yerlərdən uzaq olsanız yaxşı olar.  Hə, hörmətli dostlar! Yanacaq və onun törətdiyi fəsadlar haqqında olan kiçik araşdırmamı sizə faydalı olması ümidi ilə təqdim etdim. Nəqliyyat vasitələrinizə yaxşı baxın…

 

(166 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here