Ayı, dovşan kimi necə işləyə bilər?

0
232

Bu yaxınlarda keçmiş Sovet yumoristlərindən biri Arkadiy Raykinin adamı düşündürə biləcək 1:30 saniyəlik qısa bir tamaşasına baxdım və həqiqətən də çox fəlsəfi çıxış idi. Adam sanki bizim illəri görüb bu tamamşanı hazırlamışdı. Tamaşanı bu linkdən izləyə bilərsiniz. Аркадий Райкин – как медведь зайцем работал Əhvalat belə baş verir. Meşələrdən birində ayı, dovşan kimi işləyirdi. Baxaq görək hadisə necə baş vermişdi? Qeyd olunan meşəyə ayı lazım olur. Məsələ burasında idi ki, ayı var idi. Lakin boş qalan yer ancaq dovşanın yeri idi. Çarəsizlikdən ayı buna razılıq verərək işinin qarşılığında cılız dovşanın maaşına işləməyə başlayır. Maaşının az olmasına baxmayaraq ayı ona tapşırılan hər işi insafla icra edər və işlərində qüsura yol verməzdi. Ancaq günlərin birində ayı elə həmin meşədə dovşanın ayı kimi qeydiyyata alındığını öyrənir. Bundan xəbərdar olan ayı qəzəbli halda özünə sual verir. Axı cılız dovşan ayının yerinə necə qeyd olunub, ayı maaşını ala bilər? Bu anlaşılmazlıq haqqında meşə rəhbərliyinə şikayət məktubu yazır. Meşə rəhbərliyi məktuba tez reaksiya verir və qaydalara uyğun olaraq aslanlardan ibarət komissiya qrupu təşkil olunur. Komissiya meşədə fövqəladə iclas təşkil edir və ayı ilə dovşan da həmin iclasa dəvət olunurlar. Komissiya üzvləri dovşandan soruşurlar: Siz ayısınız? Dovşan sənədlərini təqdim edərək bəli, mən ayıyam cavabını verir. Komissiya üzvləri: Həqiqətən də siz ayısınız. Ayı, çığır – bağır salaraq özünün ayı olduğunu deyir. Komissiya: Zəhmət olmazsa sənədlərinizi təqdim edin. Ayı sənədlərini təqdim edir. Komissiya üzvləri sənədlərə baxıb deyirlər, axı siz niyə mübahisə edirsiniz? Vətəndaş ayı! Burada açıq şəkildə yazılıb ki, siz dovşansınız.  Sual: Bəs komissiya üzvləri kimin nə olduğunu görmürdülər ki, ayının başına belə bir oyun açmışdılar? Məsələ burasındadır ki, komissiya üzvləri qeyd olunduğu kimi aslanlardan yox, eşşəklərdən ibarət idi. Əslində məsələni dərindən araşdırsaq həqiqətən də ayıların (peşəkarların) yerində dovşanlar (təcrübəsiz, tapşırılan insanlar) durur və onların əvəzinə şirkətə zərər vuracaq qərarları verirlər. Təbii ki, eşşək yığıncağı ilə birlikdə. Bəli, çox təəssüf ki, günümüzdə bir çox hallarda əksər şirkətlərdə də vəziyyət belədir. Sonra da düşürlər ya marketinq, ya da satış şöbəsinin üstünə ki, sizin ucbatınızdan satışlar günü gündən düşür və s. Lakin nədənsə əsas pozisiyalardakı eşşəklərin, dovşanların (savadsızların) şikətin bazarda baş verən bütün proseslərə təsir etmədiyi qənaətindədirlər. Həqiqətən də rus yumoristinin nəql etdiyi bu qısa əhvalat bu gün bizim reallığı tam çılpaqlığı ilə ortaya qoyur. Bir şeyi başa düşmək lazımdır ki, satışda baş verən düşüşlər təkçə marketinq və yaxud satışla əlaqəli deyil. Ona görə ki, gecikmiş qərarlar, bazarda baş verən proseslərə zamanında çevik reaksiyanın verilməməsi, marketinq və satışla bağlı məsələlərə laqeyd yanaşmalar şirkətin bazardakı vəziyyətini gərginləşdirir. Günümüzdə elə bir peşəkar yoxdur ki, işlədiyi şirkətdə bu cür mənzərə və haqsızlıqla qarşılaşmasın. Şəxsən mənə görə bu bloqpost daha çox iş sahiblərinə, menecerlərə, şöbə müdirlərinə aiddir. Yaxşı olardı ki, onlar şirkətlərində hansı kadrın ayı maaşı əvəzinə dovşan maaşı və hansı kadrında dovşan maaşı əvəzinə ayı maaşı aldığına qərar verməlidir. Yoxsa, problemlər qaçılmaz olacaqdır. Əslində burada qismən HR şöbəsinin də payı az deyil. Faydalı olması ümidi ilə.

 Sizin marketinq bələdçiniz….

 

(197 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here