Seqmentasiya – Mən baharın qızıyam…

0
50

Orta məktəbdə oxuyanda, hamı kimi mən də nəğmə dərsi almışam. Düzü elədə bir musiqi duyumum olmayıb. Ancaq o vaxt sinifmizin başına gələn bir hadisəni xatırlayanda, günümüzdə fəaliyyət göstərən əksər şirkətlərimizin bazardakı xaotik fəaliyyətlərini xatırladır. Bir musiqi müəllimimiz var idi, adı da səhv etmirəmsə Şamis idi. Bu zalım dərslərdə bizə oğlanlı qızlı – “Mən baharın qızıyam mahnısını” oxudardı. Özü də hər musiqi dərsində. Elə bilki dünyada və Azərbaycan musiqisində başqa bir mahnı yox idi. Mən isə buna çox əsəbləşirdim. Günlərin birində Şamis müəllimin tutması tutdu və hər birimizi təklikdə lövhənin qarşısına çıxardıb – “Mən baharın qızıyam” mahnısını oxutmağa başladı və növbə gəlib çatdı mənə. Bu mənim üçün bir şans idi və mən gözəl səsimi işə saldım. Şamis müəllimi elə bir cin vurmuşdu – Vay, vay bu nə səsdir? Famil! Bu gündən sənə səsini çıxartmağı qadağan edirəm. Məəllim, bəs mən qiyməti necə alacam? Şamis müəllim: Bala, sən narahat olma. Dərs ili bitənə qədər sənə halalından “4” yazacam. Sən canın, bircə səsin çıxmasın, səndən istəyim budur. Bəli, musiqi ilə mənim hekayəm bu qədər. Sual yarana bilər ki, musiqi ilə şirkətlərimizin nə əlaqəsi var? Diqqət etdinizsə, bloqpostun əvvəlində Şamis müəllimin sinifmizə, oğlanlı qızlı bir ağızdan “Mən baharın qızıyam” mahnısını oxudardı fikirini yazmışam. Bənzərlikdə elə buradadır. Belə ki, Şamis müəllim bizim aramızda fərq qoymadığı kimi, əksər şirkətlər də müştərilər arasında heç bir fərq qoymadan hamıya “baharın qızı kimi” baxırlar. Yəni müştərinin ağzı nədir ki, mən satan malı almaya. Marketinqin ən yaradıcı tərəflərindən biri potensial bazar məqsədinin müəyyənləşdirilməsi prosesidir. Məhsul və xidmətlər seqmentlərə bölünməyəndə nələr baş verir? Məhsul (xidmət) əsas hədəf kütləyə çatmır, çatsa da brendlə istehlakçı arasında kommunikasiyada problemlər qaçılmaz olur. Məhsulun (xidmətin) kimin üçün təklif edildiyini müəyyəm etmək bir o qədər də asan olmur. Təbii ki, bunun da fonunda istehlakçılar əziyyət çəkirlər. İstehlakçılar da əziyyət çəkəndə şirkət əziyyətə düşür. Ona görə ki, şirkətə pul gəlmir. Bu da bir şirkətin bazardan çıxmasına zəmin yaradan səbəblərdəndir. Axı, şirkətdə çox şey pula bağlıdır. Elə buna görə də seqmentasiya mütləqdir və bu məsələni peşəkar səviyyədə işin icraatında tətbiq etməklə uğurlu nəticələrə nail olmaq olar. Seqmentasiya strategiyası coğrafi, psixoqrafik, davranış və ya demoqrafik prinsiplərə görə fərqlənən xüsusi və çox vaxt bazarda rəqiblər üzərində üstünlüyü təmin edən əsas alətlərdəndir. Təklif olunan məhsul onun zəruriliyi, istehlakçıların, bazarların milli keyfiyyətlərinin xarakteristikalarının müxtəlifliyindən yaranmışdır. Seqmentasiya prosesi firma üçün olduqca əhəmiyyətlidir, belə ki, onun fəaliyyət sahəsini məhz seqmentasiya müəyyən edir. Seqmentasiyanın reallaşması əsasən firmanın hədəfinin müəyyən edilməsindən başlayır. Bu əsasən aşağıdakı prinsiplərdən irəli gəlirlər:

  1. Hədəf kütlələr üçün məhsul və xidmətlər faydalı olması baxımından çox əhəmiyyətlidir.
  2. Heç kəs məhsulu (xidməti) səbəbsiz almır, ona görə də istehlakçılar üçün xidmətin yerinə yetirilməsi və ya problemin həlli tələb olunur.

Seqmentasiya strategiyasının başlıca məqsədi ondan ibarətdir ki, müəssisə özünün dar məqsədli bazarında öz resurslarını bazarda cəmləşdirən rəqiblərdən daha səmərəli xidmət göstərə bilər. Lakin seqmentləşdirmə əksər marketinq proqramlarının vacib hissəsi olmasına baxmayaraq, şirkətlər bazarda elə situasiyalar yaradırlar ki, onların atdıqları addımlar əlverişsiz olur. Yəni “Mən baharın qızıyam” musiqisi kimi bir vəziyyət yaranır.

Sizin marketinq bələdçiniz…

(83 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here