01.04.1959 tarixi əziz atamın doğum günüdür. Bu gündən atam 60 yaşına qədəm qoyur. O yaşlandıqca içimi bir kədər, bir qəhər boğur. Ağ saçlım, bəstə boylum, mavi gözlüm, həyat müəllimim, müdrik atam mənim. Atam uzun illər dülgərlik etmiş və bu yolla ailəmizi dolandırmış, bizi boya başa çatdırmışdır. Elə buna görə də atamın doğum günü münasibəti ilə  ikimizlə bağlı bir hadisəni bloqumda xatirə olaraq yazmaq qərarına gəldim. 9-cu sinif şagirdi idim və bir çoxları kimi çox şeyi, ətrafda baş verənləri vecimə almırdım. Mənə görə hər şey qaydasında idi, o günə qədər. Hətta dolanışığımızın hardan və necə gəldiyi belə mənim üçün maraqlı deyildi. Özümü çox ağıllı hesab edirdim. Bir gün anam dedi ki, ay oğul nə vaxta qədər dərslərini oxumayacaqsan? Niyə evə yığılmırsan? Sənin aqibətin necə olacaq? Əlində bir sənətində yoxdur, deyəm sabah özünü dolandıra biləcək. Sənin axırın necə olacaq? Bir çox ağıllı yeniyetmələr kimi anamın dediklərini qulaq ardı edirdim. Heç vaxt yadımdan çıxmaz. Soyuq günlərin birində təxminən 1996-cı ilin payız aylarından Noyabr ayı olardı. Həmişəki kimi anamla yenə dərs davamiyyətinin üstündə qırğın idi. Elə bu hayda harayda atam içəri daxil oldu, bir az sükut etdi və qışqır bağırın səbəbini anamdan soruşdu. Anam da başladı deyinməyə ki, bəs sən heç maraqlanmırsan, xəbər almırsan ki, oğlun necə böyüyür? Kimlərlə oturub durur? Hara gedir? Hardan gəlir? və s. ana gileyi. Anam gözlədi ki, bəlkə bu qədər gileydən sonra atam məni salacaq təpiyinin altına, ancaq canım atam etmədi, vurmadı, səsini belə çıxartmadı. Bilirsiniz, o an atam anama nə dedi? Acam, yeməyə bir şey var? Nəysə anam bu sözlərin qarşısında dəliyə döndü. Atamın qabağına bir boşqab yemək qoydu və deyinə – deyinə keçdi başqa otağa. Atamın belə bir davranışı məni çox təəccübləndirmişdi. Əslində elə mən də döyülməyə hazırlaşırdım desəm yalan olmaz. Lakin olmadı və mənə elə gəldi ki, mən cəzasız qaldım. Ancaq heç də elə deyilmiş. Atam mənə heç vaxt unutmayacağım bir cəzanı elə oradaca hazırlayıbmış. Söhbətin üstündən 2 ya 3 gün keçmişdi. Axşam idi. Atam mənə dedi ki, Famil sabah dərsin də yoxdur, bəlkə emalatxanada mənə kömək edəsən? Mümükündür? Nəysə bir zülümlə razılaşdım. Bazar günü bir soyuq var idi ki, sanki hava belə atamın mənə cəza verməsində ona yardımçı olmağa qərarlı idi. Gəldik atam işləyən dülgər emalatxanasına və zaman itirmədən başladıq çalışmağa. Deməli emalatxananın bütün pəncərələri sınıq idi deyə içəri çöldən soyuq idi. Həm də həddindən artıq çox soyuq idi. Oralardan qaçmağın hayında idim. 
O küləyin vıyıltısı hələ də qulaqlarımdadı və sanmıram ki, nə vaxtsa da çıxa. Bir neçə saat dincəlmədən işlədim deyə tərlədiyimi belə hiss etməmişdim. Ancaq tərim soyuduqca yorulduğumu və haldan düşdüyümü hiss edirdim. Ancaq paralel olaraq atamın diqqətli baxışlarını da üzərimdə hiss edirdim. Sən demə qoca qurd quzunu tam tələyə salıbmış. Atam dedi: Deyəsən yoruldun? gəl səninlə çay içə içə söhbət edək. Çoxdandır səninlə təklikdə söhbətim olmayıb. Çay içək deyəndə elə bildim ki, dünyaları mənə verdilər. Yaxşı yadımdadır gurha gur yanan bir peçin ətrafında əyləşdik. Atam peçin üzərində qıjıldaya – qıjıldaya qayanayan, yarı əzilmiş, yarı hisli çaydandan mənə görə çox çirkli stəkana çay süzdü. Düzü belə bir çaydanı və bu cür stəkanı ömrümdə ilk dəfə idi ki görürdüm. Atam çayı süzsə də mən həmin stəkanda çay içə bilmədim. Ona görə yox ki, o stəkan çirkli idi, əsla. Sadəcə o an atamın ailəmizi hansı şərtlər altında dolandırdığını, geyindirib keçindirdiyini gördüm və mən çox utandım. Ağlamaq, hayqırmaq istədim. Atam vəziyyəti başa düşmüşdü və mənə dedi ki, sənin işləməyin yetər. Get evə dincəl. Mən sevinmək əvəzinə qəribə bir hisslə emalatxanadan ayrıldım. İndi deyirəm kaşki ayrılmayaydım, ona axşama qədər kömək edəydim. Lakin mən onu orada, o küləyin qarşısında tək buraxmışdım. Nəysə bu minvalla gəldim evə. Özüm də hiss etmədən babat soyuqlamışdım. Təxminən 2 həftə xəstə yatdım. Yaxşı yadımdadı hər dəfə evə gələndə başımı qabardan çatlamış əlləri ilə sığallayardı. Nəhayət sağaldım və bir günü atam məni qarşısına aldı və əllərimi o qabarıq əllərinin içinə alıb dedi. Famil, atam, gözəl balam! Mən və anan sənə görə çox narahatıq. Sən öz gələcəyin haqqında nə fikirləşirsən? Özünü harada görürsən? Bu suallara verəcək cavabım yox idi. Hardan da olmalı idi ki? Atam dedi ki, əgər təhsil sənin üçün önəmli deyilsə, gəl məktəbdən çıxardım səni. Onsuzda 9-cu sinifdəsən. Çıxardım  mənim yanımda işləyərsən, 3-5 manat qazancın olar. Ancaq bil ki, bir gün bu işə də ehtiyac qalmayacaq. Başının çarəsinə bax ay oğul. O söhbət zamanı mən yenə də emalatxananı, soyuğu, hiss basmış çaydanı və stəkanı xatırlayırdım. O anın təsirindən çıxa bilmirdim. Çünki ailəmizə çörək gətirən kişinin iş şəraitini, əziyyət çəkməyini görmüşdüm. Həmin günün səhəri bizim ailəmiz üçün çox faciəli oldu. Belə ki, atam sağ əlində bir neçə barmağını kəsərək əlini ciddi zədələmişdi. Evimiz matəm evinə dönmüşdü. Anamı fikir götürmüşdü ki, axırımız necə olacaq? Anam durmadan ağlayırdı. O gün atama bir söz verdim. Atacan sən sağal, söz verirəm ki, sənin ümidlərini puç etməyəcəm. Sən mənimlə fəxr edəcəksən, səni incitdiyim üçün məni bağışla ata. Bir müddət sonra atamın əli çox şükür sağaldı və mən atama verdiyim sözü artıqlaması ilə tuta bildim. Naliyyətlərimə görə sənə minnətdaram ata!  Allah səni var eləsin mənim həyat müəllimim.
Yeni yaşın mübarək olsun ay ata. Səni çox sevirəm…Səni sevən və heç vaxt borcunu ödəyə bilməyəcək oğlun Famil.
(70 dəfə baxılıb)